[b]“Qarabağ” bacardı, bəs biz?![/b]
07.12.2017 - 13:24
[b]“Qarabağ” bacardı, bəs biz?![/b]

Romada kiçik kafelərin birində yediyimiz yeməyin "şotu"nu ödədikdən sonra həmkarım Aydın Bağırovla aramızdakı dialoq:

 

- Möhtəşəm şəhərdə möhtəşəm hesab!

- Bu pulla Bakıda ən azı 5 gün "obed" edərdik...

- Bahalı turnirin naharı da baha olar. Hiss edirsən ki, bura Avropa Liqası yox, Çempionlar Liqasıdı...

 

Həqiqətən, Çempionlar Liqası sanki yuxu idi. Kifayət qədər həyəcanlı, acılı-şirinli anlar... Hər şey, qrup mərhələsindəki 6 qarşılaşma bir göz qırpımında keçdi.

 

***

 

"Qarabağ"ın çıxışını bəyənməyib "dislike" edənlərlə işim yoxdu. Kim nə deyir desin, topladığı 2 xalla qrupda qalmasına rəğmən ağdamlılar milyonların qəlbini fəth elədi. Dördüncü cəhddə pley-off sindromunu sındırıb, illərdi xəyalımızda dolaşan arzuları reallaşdırdı. Şıdırğı oyun alverinin getdiyi çempionatın, can verən birinciliyin təmsilçisi boyundan hündürə tullandı. "Çelsi"yə ağır məğlubiyyətlər, "Atletiko" ilə heç-heçələr, "Roma"ya qarşı əzmkarlığa görə Azərbaycan çempionuna min dəfə təşəkkür!

 

 

***

 

"Qarabağ" özünü, təmsil etdiyi ölkəni nəinki "köhnə dünya", bütün dünyada yüksək səviyyədə tanıda bildi. "Qarabağ"la yanaşı, Azərbaycanı yaxşı mənada tanıtmağı biz də bacarmalıyıq. Biz - media mənsubları.

 

Həmkarlarımdan kimlərsə inciyib, bu yazıda qeyd olunanları üstünə götürməsin. Hər birinə hörmətim, rəğbətim var. Yazdıqlarımda isə indiyədək səfərdə olduğum 30-dan çox ölkədəki müşahidələrimə əsaslanıram.

 

Köhnə söhbətdi, klub rəsmisinin birindən eşitdiyim iraddan sonra çox utanmışdım. O, masaya siqaret sifariş edib cibinə qoyanlardan, masada qalan yeməyi çantasına yığanlardan narazılıq edirdi.

 


***

 

Kasıb olmaq ayıb deyil.

İdman mediası daha yaxşı bilir. İçməkdən savayı əlindən başqa iş gəlməyən, müsahibələrində səsləndirdiyi fikirləri ertəsi gün təkzib edən bir veteran var. Onun "qaraçı" adlandırdığı "Xəzər Lənkəran"ın sabiq məşqçisi Mirça Rednikin oteldə futbolçuları etiket qaydalarına görə necə danladığı gözlərim önündən getməz. Rumın çalışdırıcı deyirdi ki, boşqaba yeyə biləcəyiniz qədər yemək götürün. Lap 2-3 dəfə yeməyə durun, amma az-az götürün. Çünki "ağzınacan" dolu boşqab kənardan insan haqqında "görməmiş" fikri yarada bilər. Mən onun dediklərindən belə dərs çıxardım: Oteldə də evimizdəki qədər qidalansaq acından ölmərik.

 


***


Yumurtanı masaya boşqabda aparmağın nəyi çətindi ki? Vallah-billah bir ovucda 3 yumurta aparmaq kənardan yaxşı görünmür. Elə yumurtanı bıçaq və ya çəngəllə deyil, masaya vurub sındırmaq da onun kimi.


Mən hələ masadan yemək götürüb, özü üçün otağına ehtiyat azuqə aparanları demirəm. Bizim tovuzlular demişkən, öyün yıxılmasın ajdıx ha döy...


Restorana qalın qış geyimində, paltolu-papaqlı və yaxud ayağıyalın, elə həmin o "viddə" meyvə yeyə-yeyə ətraf masadakılara mane olacaq qədər hündürdən danışmaq...

 

Növbəti illərdə hansısa komandamızın yenidən avrokubokların qrup mərhələsində oynayacağı çətin görünür. Amma klub rəsmilərinin gözündən düşməmək və ən əsası özümüzü biabır etməmək üçün elementar insani davranışlara riayət etmək çox asandı.
 

İxtiyar Əsgərov

 

P.S. Çox oxuyan çox bilməz, çox gəzən çox bilər... Gəzmək, başqa coğrafiyaların insanlarını, mədəniyyətini müşahidə etmək, həm də öyrənmək deməkdi... Məsələn, mən spagetti yeməyin qaydasını bir, şərab içməyin qaydasını digər ölkədə öyrənmişəm.

 

 

 

 

0