[b]“Sözlərim canlı yayımda yanlış təqdim olundu” – Samir Abasov[/b]
22.04.2018 - 22:57
[b]“Sözlərim canlı yayımda yanlış təqdim olundu” – Samir Abasov[/b]

“Qarabağ”ı təbrik edirəm çempionluq münasibətilə. Kubokun yarımfinal matçından sonra cəzalı olduğum üçün mətbuat konfransına gələ bilməmişdim. Bir neçə sözüm var idi, onları da demək istəyirəm. Həm “Keşlə”ni, həm də “Qəbələ”ni təbrik edirəm ki, kubokda finala çıxıblar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XXIV turunda “Qarabağ”la oynayan “kimyaçılar” 0:1 hesabı ilə məğlub olublar.

 

Oyundan sonra mətbuat konfransı keçirən Abasov sualları da cavablandırıb: “Qarabağ”ın bu gün çempion olmağını heç istəmirdim, çünki uduzmaq haqqında düşünmürdüm. Oyunçularım sağ olsunlar, əllərindən gələni axıra kimi elədilər. Artıq qolumuzu çırmalayıb bundan sonra qalan 4 oyuna köklənməliyik. Dişimizlə-dırnağımızla mübarizə aparmalıyıq ki, yer tutub, Avroliqaya gedə bilək”.

 

- Oyundan sonra hakimlərə qarşı aqressiv idiniz. Bu nə ilə bağlı idi?

- Kubok oyunundan qalma aqressiya var idi, bu gün üstünə gəldi bir az. Hakimlikdən danışsam, başıma problem açacam. Amma o qədər danışmaq istəyirəm ki, özümü saxlaya bilmirəm. Oyun başlayanda hakimin kimliyini görən kimi əsəbləşirik.

 

- Ötən həftə mətbuatda ən çox sizin “bəlkə mən olmadım” sözünüz müzakirə olundu. Samir Aabasov “Sumqayıt”da qalacaq, ya gedəcək? Buna bir açıqlama gətirə bilərisz?

- Sözlərim canlı yayımda yanlış təqdim olundu. Orda başqa şeydən danışırdıq. “Sumqayıt”ımı çox istəyirəm. Əlimdən gələni edəcəm ki, qalam. Rəhbərliklə görüşəcəm. Maaş haqda söhbət sonuncu yerdə dayanıb. Şəhərimi çox istəyirəm və bu klubu hər şeydən çox istəyirəm.

 

- Ölkədə iki ən aqressiv məşqçidən birisiniz. Biri Ayxan Abbasovdur, digəri sizsiniz. Bəlkə aqressiyanıza bir məhdudiyyət qoyasınız?

- Məsləhətinizə görə, təşəkkür edirəm. Uduzmaq istəməyən məşqçidə aqressiya təbiidir.

 

- Avroliqa şanslarınız necədir?

- Bugünkü oyun məni ümidləndirdi. On günə 4 oyunluq tsikli arxada qoyduq. Cavid İmamverdiyev və Rəşad Eyyubovun ayaqları ağrıyırdı. Bu gün onları qorudum. İnanıram ki, bacaracağıq.

 

- Qarşıdakı 4 oyunun 3-də evdə oynayacaqsınız. Kənardan təsir hiss etmirsiniz ki, komandanız geriləsin?

- İnanmıram ki, "Qarabağ” çempionluğu təmin etdikdən sonra növbəti turlarda əzmkar oynamasın. 

 

- Bəs, hakimlikdən narahat deyilsiniz?

- Öz meydanımızda oynayacağıq. Heç vaxt kənar amillərdən yararlanmamışıq. Çalışacağıq son 4 oyunda uğurlu çıxış edib ən azı 3-cü pilləni qoruyaq.

0