[b]Yeyəndə ortaq qardaş[/b]
15.05.2018 - 10:46
[b]Yeyəndə ortaq qardaş[/b]

“Neftçi”yə təyin olunduqdan bəri baş məşqçini “vurmaq” üçün hər yola əl atan klub rəhbərliyi indi də uğursuz transferləri gündəmə gətirməyə başlayıb. Mayk Kampaz, Lukas Qomezin yararsız olmasını əlində bayraq tutanlar Tərlan Əhmədovun üzərinə indi də bu yolla “yürümək” niyyətindədilər.

 

Ancaq bu şəxslər bir şeyi unudurlar: əgər nəticə varsa, hansı transferlərin ciddi önəmi qalır?

 

Tutaq ki, Qvardiola transferlər edir və “Mançester Siti” Premyer Liqa və Çempionlar Liqasını qazanır. Bundan sonra “şəhərlilər”in rəhbərliyi bu qələbələri bayram edəcək, yoxsa uğurlu alınmayan transferlərin dərdini çəkəcək?

 

Əhmədovun gəlişi ilə “Neftçi” 4-5 illik fasilədən sonra ilk dəfə medal qazanmaq üzrədi.

 

Maraqlıdı, niyə qış transferləri menecer Kamil Məmmədovla əlbir olan və istədiyi transferləri həyata keçirən əvvəlki rəhbərliyin yox, Əhmədovun, amma Mustivarın transferi Kamran Quliyevin adına yazılır?

 

Halbuki, Mustivarın oyunlarını izləyən də, onun uzun müddət oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, baxışa dəvət etməyə qərar verən də, sonda bəyənərək komandaya götürən də Əhmədov olub. Yoxsa yeni rəhbərlik iddia edəcək ki, bu oyunçunu baş məşqçinin iradəsinə zidd olaraq, onu saymadan kluba zorla gətiriblər? Hələ orasını demirik ki, idman direktorunun vəzifəsi uzun müddət oynamayan futbolçunun sağlamlığını dəqiqləşdirməkdi və deyəsən, bu işi görməyib: Mustivar iki oyunda iştirak edib, indi isə müalicə olunur...

 

 

Kamran bəyin futbol biliyi belə çox idisə, işlədiyi müddətdə “Sumqayıt” hansı nəticələri qazandı? Bəlkə medal qazanıb, bəlkə avrokuboklarda oynayıb? Bəlkələr çoxdu...

 

Heç kimə sirr deyil, “Sumqayıt”ın əldə etdikləri Samir Abasovun xidmətidi. O Abasov ki, oyun öncəsi məhz Quliyevi futbolçularla görüşməyi qadağan etmişdi!

 

“Neftçi”nin ikinci yarının lideri olduğunu unudanlar qışdan sonrakı ilk oyunların uğursuz alınmasından danışır. Necə olur ki, artıq ikinci oyundan, özü də “Sumqayıt”la prinsipial qarşılaşmadan öncə rəhbərlik dəyişdirilir və sabah qarşılaşacağın rəqibin rəhbəri sənin prezidentin təyin olunur?

 

Əslində, bu təyinat “Neftçi”yə vurulmuş zərbə və “Sumqayıt”a ifrat motivasiya edəcək dəyişiklik deyildimi? Məhz həmin məğlubiyyət təyinatını 1-2 gün sonraya saxlamağa cəsarəti çatmayan yeni rəhbərliyin “Neftçi”də ilk “xidməti” idi.

 

Niyə hansısa oyunlardakı qələbə, “Neftçi”nin 4-5 illik fasilədən sonra medala bu qədər yaxınlaşması və ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə ilk görüşdəki qələbə rəhbərliyin, cavab matçında “Qəbələ”yə məğlubiyyət isə Tərlan Əhmədovun “xidmətidi”?

 

Necə olur ki, medala doğru irəliləmək acınacaqlı start turlarından sonra məhv olmuş komandanı qəbul edən, heç bir şərt irəli sürməyən baş məşqçinin deyil, artıq komandaya bənzəyən, 4 oyunluq qələbə seriyası ilə yadda qalan və avrokuboka vəsiqə verən yerə iddialı görünən komandaya mövsümün ortasında təyin edilən prezidentlə idman direktorunun xidmətidi?

 

Məsəl var; əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. İndi “Neftçi”də həmin vəziyyətdi. Əziyyət çəkənlər qalıb bir tərəfdə, öz maraqlarını güdənlər isə keçib hücuma...

 

 

 

0