Ruslan Zeynalov: “Milli komandaya oynamaq ümidi ilə gəlmişdim”
09.06.2008 - 16:45
Ruslan Zeynalov: “Milli komandaya oynamaq ümidi ilə gəlmişdim”
Onun sözlərinə görə, ehtiyatda qalmasına zədəli olması da öz təsirini göstərib: “Andorra ilə matçın hazırlıq prosesində zədələndim. Əzələmi dartdım və nəticədə çalışmalardan kənarda qaldım. Belə olan halda, andorralılara qarşı oynamayacağım məlum idi. Bosniya və Herseqovina ilə matçda meydana çıxmamağımın səbəbini isə deyə bilmərəm. Hər halda, heyəti baş məşqçi müəyyənləşdirir və kimin meydanı çıxmalı olduğuna qərar verir”. Milli komandaya dəvət R.Zeynalova 4 ölkəyə baş çəkmək imkanı yaradıb. Ancaq Azərbaycan, Bosniya və Herseqovina, Andorra ilə yanaşı, Almaniyada da olan soydaşımız yığmanın səfərlərində futbolçu kimi iştirak etdiyini söyləyib: “Səfərlər zamanı milli komandanın heyətində turist kimi iştirak etməyimlə bağlı fikirlərlə razı deyiləm. Sözsüz ki, yığmaya oynamaq ümidi ilə gəlmişdim. Foqts mənə şans verəcəyi halda, onun etimadını doğrultmağa çalışacaqdım. Ancaq zədələndikdən sonra fərdi proqram üzərində çalışdım. Sonradan Frankfurt şəhərinə yollanıb tibbi müayinədən keçdik. Bu səfərimi ona görə səmərəli sayıram ki, milli komandada olduğum müddətdə bir çoxları ilə tanış oldum. Foqts da məşqlərdə məni gördü”. Ukraynanın birinci liqasında mübarizə aparan “Krımteplitse” klubunda çıxış edən futbolçu növbəti oyunlarda da yığmaya çağırılacağına inanır: “Yoldaşlıq görüşlərində oynamamağımla hər şeyin üstündən xətt çəkmək olmaz. Fikrimcə, qarşıdakı görüşlərə çağırılmağım ilk növbədə özümdən asılı olacaq. Klubumda yaxşı çıxış etməklə, yenidən dəvət ala bilərəm. Mövsümüm bitməsinə az alıb və klubumu dəyişmək mümkündür. Ola bilsin ki, Azərbaycanda çıxış etdim”.


0