İsgəndər Cavadov Regional Futbol Federasiyalarının prezidenti seçilib - YENİLƏNİB
13.06.2008 - 13:13
İsgəndər Cavadov Regional Futbol Federasiyalarının prezidenti seçilib - YENİLƏNİB
“APA-Sport” agentliyinin məlumatına görə, yeni quruma AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov rəhbərlik edəcək. 52 yaşlı futbol veteranı yekdilliklə RFF-nin prezidenti seçilib.
“Regionlarda futbolun canlandırılması istiqamətində xeyli iş görülməlidir”. Regional Futbol Federasiyalarının prezidenti kimi ilk açıqlamasını “APA-Sport” agentliyinə verən İ. Cavadov bildirib ki, keçmiş SSRİ dövründə Azərbaycanın ən tanınmış futbolçularından 70-80 faizi bölgələrdən çıxıb: “Aparıcı futbolçularımızın çoxu Şimal, Qarabağ zonaları, Gəncə, Lənkəran və Tovuzda yetişib. Vaxtilə həmin bölgələrdə futbolun səviyyəsi kifayət qədər yüksək olub. Onların hamısını yenidən canlandırmaq lazımdır. İlk növbədə, perspektivli futbolçuları tapıb, üzə çıxarmalıyıq”. İ.Cavadov regionlarda futbolun səviyyəsini qaldırmaq üçün “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərini yerinə yetirməyin vacibliyini vurğulayıb. Gələcək planları müəyyənləşdirmək məqsədilə veteran futbolçu iyunun sonlarınadək 8 regional futbol federasiyası rəsmilərinin iştirakı ilə toplantı keçirəcəyini açıqlayıb: “Bu gün regional qurumların nümayəndələri ilə tanışlıq xarakterli söhbətim oldu. İclasa yalnız Naxçıvan Futbol Federasiyasının nümayəndəsi qatılmamışdı. Yaxın günlərdə AFFA prezidenti Rövnəq Abdullayevlə görüşüm olacaq. Görüşdə bir sıra məsələlərə aydınlıq gələcək. Bundan sonra regional qurumlarla yenidən bir araya gələrək, konkret hansı işləri görməli olduğumuzu müəyyənləşdirəcəyik”.
0