“Neftçi” klubunun rəqibi böyük hesablı qələbə qazanıb
25.06.2008 - 12:18
“Neftçi” klubunun rəqibi böyük hesablı qələbə qazanıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun ikinci mərhələsindəki rəqibi Belçikanın “Jerminal” komandası növbəti qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, belçikalılar yoxlama oyununda “Hemiksem”lə qarşılaşıb. Aşağı dəstə təmsilçisi ilə qarşılaşmada “Neftçi”nin rəqibi böyük hesabla qalib gəlib - 8:1. Belçika təmsilçisini qələbəsində afrikalılar xüsusi rol oynayıb. Ruandalı Henri Munyaneze üç, nigeriyalı Tosin Dosunmu iki dəfə rəqib qapısına yol tapıb. Klubun baş məşqçisi Arm van Veldhoven məhsuldarlıq nümayiş etdirən legionerlərini erkən əvəzləməyi lazım bilib. Nigeriyalı cəmi 45, ruandalı isə 62 dəqiqədən sonra meydanı tərk edib. Komandanın digər qollarını Kurt van Doren, Kria de Vri və Viçentso Verhoven vurub. Qeyd edək ki, “Jerminal” növbəti yoxlama matçını iyunun 26-da keçirəcək.
0