Oleq Bloxin: “Finalda Türkiyə və Rusiya yığmaları görüşəcək”
25.06.2008 - 17:07
Oleq Bloxin: “Finalda Türkiyə və Rusiya yığmaları görüşəcək”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Deməzdim ki, Türkiyənin qələbələri daha çox təsadüfi, Rusiyada isə oyuna görədir. Hər halda, türkiyəlilər futbol oynayıblar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Ukrayna milli komandasının sabiq baş məşqçisi Oleq Bloxin deyib. Hazırda Rusiyanın “Moskva” klubunu çalışdıran ukraynalı mütəxəssisin sözlərinə görə, Avro-2008-də aparıcı futbolçular sönük oyun nümayiş etdirirlər: “Komandaların əsas oyunçularının ağır mövsümdən sonra tükəndikləri kənardan görünür. Bu, aşkar hiss olunur. Hətta Portuqaliya yığmasını götürsək, Ronaldo həmin futbolçu deyil. Bəxt isə hər yerdə olmalıdır. Əgər Adrian Mutunun yerinə yetirdiyi penalti zərbəsini Canluicci Buffon dəf etməsəydi, İtaliya qrupdan çıxa bilməyəcəkdi”. Ukrayna yığmasını 2006-cı il dünya çempionatının seçmə mərhələsinə Türkiyənin yer aldığı qrupdan qalib kimi çıxaran O.Bloxin keçmiş rəqibini Avro-2008-nin finalında görür: “Finalda Türkiyə və Rusiya yığmaları görüşəcək. Ruslar ümumiyyətlə, turnirin qalibi ola bilər. Axı 2008 bu ölkənin ilidir. Elə sirli komandalar var ki, onlara bel bağlamırsan, ancaq qələbə qazanırlar. Necə ki 2004-cü ildə keçirilən son Avropa çempionatında Yunanıstan yığması belə sürpriz komanda oldu”.
0