Pokora: Məni Azərbaycana Xodukin gətirib
20.11.2008 - 10:39
Pokora: Məni Azərbaycana Xodukin gətirib
“Kiyevli həmkarım Anatoli Konkovun Bakı “İnter”ini tərk etməsindən sonra mənə bu komandanı çalışdırmaq təklif olundu. Mən imtina etdiyimdən ora həmyerlim, lvovlu Valentin Xodukin təyin olundu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.

Pokora vətənində verdiyi müsahibədə Azərbaycana kimin köməyilə gəldiyini izah edib: “Xodukin “İnter”in baş məşqçisi olduqdan təxminən yarım il sonra mənim güclülər dəstəsinə yeni vəsiqə qazanan “Simurq”da peyda olmağıma yardım etdi”.

Baş məşqçi “Simurq”u Ukrayna komandaları ilə də müqayisə edərək yenə büdcədən şikayətlənib: “Simurq”un birinci pillədə qərarlaşması “Krivbass” və ya “Xarkov”un Ukrayna çempionatında liderlik etməyinə bənzəyir. Çünki bizim komanda büdcəsinə görə əksər Azərbaycan klublarından geri qalır. Bu yöndə geriliyimizi işə peşəkar yanaşma ilə aradan qaldırırıq. Bizim üçün klub rəhbərliyi də əla şərait yaradıb. Olimpiya kompleksi ilə yanaşı, buranın təbiəti də çox gözəldir. Zaqatalanı gözəl landşaftına görə “kiçik İsveçrə” adlandırırlar. Komanda daxili ab-hava da uğurun əsas səbəblərindəndir. Bunda veteranlar Taras Çopik və Mixaylo Starostyakın xidməti var”.

Ukraynalı mütəxəssis mövsümün sonunda başa çatacaq müqaviləsini hələ uzatmaq fikrində deyil. Digər komandalardan cəlbedici təkliflər aldığını söyləyən Pokora hələ götür-qoy etdiyini bildirib. O, bir addımlığında olduqları qış çempionluğundan da danışıb: “Qış çempionu olmaq üçün qarşıdakı iki oyunu da uğurla başa vurmalıyıq. İlk qarşılaşmamız “Qəbələ” ilə səfərdədir ki, pis vəziyyətdə olan ot örtüyündə oynamaq bizim üçün çətin olacaq. Çünki yetirmələrin texnikalı və kombinasiyalı oyuna üstünlük verirlər. Son matçımız isə “Xəzər-Lənkəran”la olacaq. Başa düşürük ki, itkilərdən qaçmaq çətin olacaq. Lakin qazandığımızla da kifayətlənməyəcəyik”.
0