Əli İsmayılov: üç nokdaunla üçüncü müdafiə
28.11.2008 - 11:12
Əli İsmayılov: üç nokdaunla üçüncü müdafiə
Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov Rusiyanın Sankt-Peterburq şəhərində üçüncü dəfə WBO Latino versiyası üzrə “Qızıl kəmər”ini müdafiə edib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı həmyerlimiz argentinalı Rodolfo De Dominiçisi vaxtından əvvəl məğlub edib.

8000 azarkeş tutumuna malik “Yubileynıy” İdman Sarayında təşkil olunan döyüşün birinci raund gözlənildiyi kimi kəşfiyyat xarakteri daşıyıb. Amma növbəti hissədə İsmayılovun ardıcıl sarsıdıcı zərbələri görüşün taleyini həll edib. Üç dəfə nokdauna düşən Dominiçis görüşü davam etdirməyə özündə güc tapmayaraq təslim olub.

Beləliklə də, üçüncü dəfə titulunu qoruyan İsmayılov peşəkar rinqdə 15-ci qələbəsini rəsmiləşdirib. Boksçumuz, həmçinin bir dəfə uduzub, bir görüşü isə heç-heçə başa vurub.
0