Qadın cüdoçumuz güləşə keçdi - FOTO
01.05.2009 - 12:40
Qadın cüdoçumuz güləşə keçdi - FOTO
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Gözəl Zutova bu gündən etibarən qadın güləşi ilə məşğul olmağa başlayıb. Apasport.az saytının xəbərinə görə, bu haqda lent.az-a qadın güləşi üzrə yığmamızın məşqçisi Elşad Allahverdiyev məlumat verib.

Allahverdiyevin sözlərinə görə, əslən Zaqataladan olan 25 yaşlı Zutova özünü güləşdə yoxlamaq istədiyini bildirib: “Mən də onun istəyinə etiraz etmədim. Artıq Zutova bu gün bizimlə ilk məşqinə çıxıb. İlk baxışdan, fiziki cəhətdən normaldır. Məşqlərdə də fəal təsir bağışlayır. İnanıram ki, gələcəkdə daha faydalı olacaq”.

Zutova uzun müddət cüdo millimizdə çıxış edib. Onun tatami üzərində sonuncu sınağı bu il 28 fevral – 1 martda Çexiyanın paytaxtı Praqada keçirilmiş qadınlar arasında Dünya Kuboku olub. Həmyerlimiz həmin turnirdə elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Zutova universal döyüş növündə də qüvvəsini sınayıb. O, hətta dünya çempionu tituluna da yiyələnib.

Qeyd edək ki, Azərbaycan idmanında cüdoçunun qadın güləşinə keçməsi halı əvvəllər də müşahidə olunub. Qadın güləşində 59 kq çəkidə çıxış edən Sona Əhmədli əvvəllər cüdoçu olub.
0