Berti Foqts: Bu, “Honka” deyil, Almaniya komandasıdır - VİDEO
11.08.2009 - 09:57
Berti Foqts: Bu, “Honka” deyil, Almaniya komandasıdır - VİDEO
“Burada özümü yaxşı hiss edirəm. Azərbaycanda çalışdığım dövrdə yaxşı dostlar qazanmışam. Ancaq təəssüf ki, Almaniya yığması özü ilə Bakıya yağış gətirib”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Bu gün AFFA-nın inzibati binasında mətbuat konfransı keçirən 63 yaşlı mütəxəssis jurnalistləri azərbaycanca, “salam-əleykum” deyərək, salamlayıb. Daha sonra Foqts sabah dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya yığmasına qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb: “Hava şəraitinin yağışlı olması bizi narahat edir. Ümid edirəm ki, sabaha qədər hava yaxşılaşacaq və 35 dərəcə isti olacaq”.

Matça ciddi yanaşdıqlarını bildirən çalışdırıcı vurğulayıb ki, sürpriz edəcəkləri istisna deyil: “Bakı” və “Qarabağ”ın avrokuboklarda çıxışına görə, Almaniya ilə matça yaxşı hazırlaşa bilmədik. Təbii ki, “Qarabağ” Avroliqada “Honka” səddini adladığı üçün sevinirik. Lakin unutmayaq ki, sabahkı rəqibimiz “Honka” deyil, Almaniya yığmasıdır. Əgər almanlar görüşə ciddi yanaşmasalar, zarafata salsalar, biz sürpriz edərik”.

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.
0