“Bakı”nın rəqibindən vəhşi hərəkət - VİDEO
11.08.2009 - 14:29
“Bakı”nın rəqibindən vəhşi hərəkət - VİDEO
“Bakı”nın Avropa Liqasının dördüncü təsnifat mərhələsindəki rəqibi “Bazel”in düşərgəsində qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, İsveçrə çempionatının axırıncı turunda “Sürix”lə görüşdə (1:1) bazellilərin qapıçısı Franko Kostantso vəhşi hərəkətə yol verib.

Onun oyunun gedişində komanda yoldaşı Beq Ferati ilə mübahisəsi düşüb. 29 yaşlı qapıçı epizodların birində Feratinin ciddi səhvə yol verdiyini izah etməyə çalışıb. Lakin onların mübahisəsi xoşagəlməz hadisənin yaranmasına səbəb olub. Belə ki, Franko özündən 6 yaş kiçik müdafiəçinin saçından tutaraq, sürüyüb. “Bazel”in digər futbolçularının müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Bu hal eyni komandanın üzvləri arasında yaşandığından, hakim oyunçulara nə sarı, nə də qırmızı vərəqə göstərib. Əvəzində “Bazel” rəhbərliyi Frankoya pul cəzası kəsib. Üstəlik, qapıçı Feratidən üzr istəyib.

Qeyd edək ki, “Bakı” “Bazel”i avqustun 20-də qəbul edəcək.
0