Azərbaycan yığması Serbiyaya təslim oldu
25.09.2009 - 18:33
Azərbaycan yığması Serbiyaya təslim oldu
Bu gün qadınlar arasında voleybol üzrə sayca 26-cı Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, Polşada keçirilən final mərhələsində ilk oyununa çıxacaq Azərbaycan yığması Serbiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qitə çempionatına üçüncü dəfə qatılan komandamız serblərlə oyun ərəfəsində ciddi itki ilə üzləşib. Zədələnən Natalya Məmmədova bu qarşılaşmada tam gücü ilə oynaya bilməyəcək. O, komandanın son məşqinə qatılsa da, hazırlıqda sonadək iştirak etməyib.

Oyun ərəfəsində yarışla bağlı fikirlərini açıqlayan baş məşqçi Faiq Qarayev qələbənin vacibliyini vurğulayıb: “Birinci mərhələnin 3 oyunundan ən azı 2-də qalib gəlməliyik ki, sonrakı mərhələdə özümüzü rahat hiss edək. Buna görə, də ilk qarşılaşmanın nəticəsi çox vacibdir”.

Artıq Azərbaycan - Serbiya matçında ilk set başa çatıb. Rəqib ilk cəhddə komandamız üzərində asan qələbə qazanıb - 25:12.

Təəssüf ki, ikinci set də bizim üçün uğursuz olub. Setin ortalarında rəqiblə başa-baş mübarizə aparan voleybolçularımız sonda təşəbbüsü əldən verərək, uduzublar - 21:25. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv məğlubiyyətdən xilas ola bilməyib. Milli komandamız üçüncü setdə 19:25 hesabı ilə yenilib. Bu isə yığmamızın serblərə ümumi hesabda 0:3 uduzması anlamına gəlir.

Qeyd edək ki, milli komandamız Serbiyadan başqa, D qrupunda Slovakiya və Çexiyaya qarşı çıxış edəcək.
0