Moldovalı futbolçu Tahir Süleymanovun paxırını açdı
13.02.2010 - 12:03
Moldovalı futbolçu Tahir Süleymanovun paxırını açdı
“Mənim menecerim İon Karpla “Neftçi” rəhbərliyi arasında fikir ayrılığı yarandı. Bu səbəbdən Bakıdan ayrılmalı oldum”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova milli komandasının futbolçusu Sergey Alekseyev deyib.

Bir müddət əvvəl Bakının “Neftçi” klubunun düşərgəsində olan, lakin keçidi baş tutmayan hücumçu paytaxt təmsilçisi ilə heç bir müqavilə bağlamadığını bildirib: “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov məni kənara çəkib dedi ki, biz sənin qalmağını istəyərdik, lakin Karpla anlaşmadıq. Səmimi deyirəm ki, “Neftçi”nin düşərgəsində olduğum müddətdə heç bir müqaviləyə imza atmamışam. Sadəcə, ayaqüstü danışığımız olub”.

Alekseyevin sözlərinə görə, “Neftçi”nin təşkil etdiyi təqdimat mərasimindəki iştirakı formal xarakter daşıyıb: “Fevralın 1-də keçirilən təqdimat mərasimində “Neftçi”nin futbolçusu deyildim. Heç orada da iştirak etmək istəmirdim. Süleymanova da bu haqda dedim. O, isə qorxulu bir şey olmadığını, çıxıb elə-belə orada oturacağımı dedi”.

Hazırda Ukraynanın “Zakarpatye” klubunda baxışda olan Sergey “Neftçi” rəhbərliyinin onu öz oyunçusu sayaraq keçidə əngəl olmaq istəyini əsassız sayır: “Onlar yalnız əvvəllər çıxış etdiyim İsveçrənin “Arau” klubundan beynəlxalq transfer sertifikatımı əldə ediblər. Heç bilmirəm ki, bunu onlara kim göndərib. Lakin bu o demək deyil ki, mən onların futbolçusuyam. Bunun üçün bütün şərtləri müzakirə edib transfer vərəqinə imza atmalıyam. Sonradan da müqavilə notariat kontorunda qeydiyyatdan keçməlidir. Bizdə isə belə bir şey olmayıb. “Neftçi” rəhbərliyi Ukraynanın “Zakarpatye” klubuna keçidimə də maneçilik törədə bilməz. Onlar həmin sənədi də göndərməlidirlər. Çünki aramızda müqavilə yoxdur”.

Mənbə: “Futbol+” qəzeti
0