Yığmamızda yeni sima: Şvabauer İbrahimli oldu
11.12.2013 - 12:36
Yığmamızda yeni sima: Şvabauer İbrahimli oldu
Bolqarıstan mətbuatı daha 2 ağırlıqqaldıranı Azərbaycan millisinin heyətinə “yollayıb”. Apasport.az saytının məlumatına görə, həmkarlarımız Bojidar Andreyevlə (69 kq) Maya İvanovanın (53 kq) yığmamızdan təklif aldığını iddia ediblər.

Bildirilir ki, Bakıda keçirilən Qran-pridə bu 2 atlet üçün 250 min dollar təklif olunub və hətta idmançılar bunu dəyərləndirə bilərlər.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov isə xəbəri təkzib edib: “Necə? Bolqarıstan mətbuatı yenə boş-boş xəbərlərlə gündəmə gəlir. Mən onları yalnız “sarı mətbuat” adlandırardım. Belə şey yoxdur və olmayacaq da”.

Əsgərovun sözlərinə görə, artıq baş məşqçi Zlatan Vanevin sərəncamında kifayət qədər idmançı var və bunun üçün də milliləşmə siyasətinə son qoyublar. O bildirib ki, belə qərara qazaxıstanlı Anastasiya Şvabauerin yığmamızı seçməsindən sonra gəliblər: “Bu atletin cəmi 19 yaşı var və 65 kq çəki dərəcəsində mübarizə aparır. O, həmyerlimizlə ailə qurdu və Azərbaycana köçdü. Artıq həyat yoldaşının soyadını da qəbul edərək, Anastasiya İbrahimli olub. İdmançı gənclər arasında son dünya çempionudur. Bundan sonra bizə legioner lazım deyil”.

Qeyd edək ki, Beynəlxalq Ağır Atletika Federasiyasının IWF Qran-Prix – II Beynəlxalq Bakı Kubokunda Andreyev 3-cü, Maya İvanova 4-cü yeri tutub.
0