Şəhriyar Məmmədyarov: Dəhşət idi
31.03.2014 - 10:39
Şəhriyar Məmmədyarov: Dəhşət idi

“Yarış öncəsi qələbə üçün oynayacağıma ümid edirdim. Amma III turdan sonra qeyri-adi şey baş verdiyini və birinci yer uğurda mübarizə aparmaq üçün çox riskə gedib, nəsə etməli olduğumu başa düşdüm”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

29 yaşlı zəka sahibi Xanti-Mansiyskdə keçirilən şahmat tacı uğrunda iddiaçıların turnirində çıxışını şərh edib. O bildirib ki, uğursuz startdan sonrakı çıxışını qənaətbəxş saymaq olar: “İlk 3 turla müqayisədə sonradan vəziyyətə baxdıqda oyunumdan razı qaldım. Nəticəyə gəlincə, çox vacib anlar oldu. Bəzən çox qorxulu büdrəmələrlə üz-üzə qaldım, bəzən isə əla oyun alındı”.

 

İlk 3 turda 0,5 xalla autsayder olan Məmmədyarov yekunda 7 xalla 3-5-ci yerlərə şərik çıxmasını bəxtlə bağlamayıb: “Bəxtimin gətirib-gətirmədiyini deyə bilmərəm. Sadəcə, mən elə insanam ki, baş verənlərə başqa cür yanaşıram. Heç vaxt qalib gələndə bəxtimin gətirdiyini demirəm. Onda qalib gəldiyimi önə çəkirəm. Deməli, uduzanda da eyni cür düşünmək lazımdır. Yəni, yaxşı oynamışam udmuşam, pis çıxış etmişəm uduzmuşam. Yəqin ki, bu fikrim mənə turnirdə də kömək edirdi. Hər məğlubiyyətdən sonra yenidən qələbə üçün mübarizəyə başlayırdım və büdrəməni unudurdum. Bir sözlə, öz oyunumdan razıyam. Ümumilikdə III turdan sonra istədiyim riskli şahmat nümayiş etdirdim. Amma o vaxta qədər, sadəcə dəhşət idi”. 

0