Əmisi Vaqif Cavadova məsləhət verib, Ruslan Abışova “ilişdi” - MÜSAHİBƏ
15.04.2014 - 11:05
Əmisi Vaqif Cavadova məsləhət verib,  Ruslan Abışova “ilişdi” - MÜSAHİBƏ

AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun apasport.az saytına müsahibəsi

 

- Qardaşınız oğlu Vaqif Cavadovun Rusiya klublarının maraq dairəsində olduğu bildirilir…

- Hansı klublardır ki?

 

- Rusiya mətbuatı “Rubin”, “Krılya Sovetov” və “Volqa” klublarının adlarını yazıb...

- Sözün düzü, bu barədə ilk dəfə sizdən eşidirəm. Amma belə bir variant varsa, getsə yaxşıdır.

 

- Vaqif sizinlə söhbət əsnasında mövsümün sonunda “İnter”dən ayrılacağını deməyib?

- Yox, bu haqda söhbətimiz olmayıb.

 

- Vaqif 2011/12 mövsümündə 6 ay “Volqa”da forma geyinib. Amma meydana çıxdığı 11 oyunda qol vura bilmədi və yenidən Azərbaycana qayıtdı. Necə düşünürsünüz, Nijni-Novqorod təmsilçisi uğursuz çıxışı ilə yadda qalan futbolçunu geri qaytarmaq istəyər?

- Niyə istəmir ki? Onda rəhbərlik başqa idi. İndi isə “Volqa”nın idarəetmə sistemində işləyən şəxslər dəyişib. Hər şey ola bilər.

 

- Qardaşınız oğlu bu 3 klubdan hansında oynasa, daha yaxşı olar?

- Bunun fərqi yoxdur. Əsas odur Rusiya Premyer Liqasında çıxış etsin. Amma bir məqam da var; ötən dəfə olduğu kimi oynamayacaqsa, elə burda qalmağı yaxşıdır. “İnter”lə avrokuboklarda çıxış edər. Ruslan Abışova baxın: “Neftçi”də gül kimi oynayırdı, getdi “Rubin”ə, indi heyətə düşə bilmir. Ona görə deyirəm ki, orda oynamayacaqsa, elə getməməyi yaxşıdır. Amma daim oynamaq şansı əldə edəcəksə, bəxtini bir daha sınamalıdır. Rusiya futbolunun səviyyəsi bizimkindən yüksəkdir.

 

Səbuhi TOFİQOĞLU

0