Nforun xanımı: “Neftçi”nin mühafizəçisi bizə yumruq atdı
24.04.2014 - 14:00
Nforun xanımı: “Neftçi”nin mühafizəçisi bizə yumruq atdı

“Neftçi” klubunun belçikalı hücumçusu Ernest Nforun həyat yoldaşı Loes Aişa Nforun apasport.az saytına müsahibəsi

 

- Təxminən 1 ilə yaxındır Azərbaycanda yaşayırsınız. Ölkəmiz haqqında fikirləriniz necədir?

- Çox gözəl. Düşüncəm odur ki, Azərbaycan yaxın gələcəkdə Avropanın öndə gedən ölkələrindən biri olacaq. Bakıda üzləşdiyim əsas problem yollardakı tıxaclardır. Harasa getməkdə çətinlik çəkirik.

 

- Azərbaycan və Belçika fərqli mədəniyyətlərə malik ölkələrdir. Bakıda yaşamaq sizə çətinlik yaratmır ki?

- Düzdü, fərq var. Amma insanlar çox mehribandır, yaşamaq üçün problem yoxdur.

 

- Futbola marağınız uşaqlıqdan olub, yoxsa Ernestlə ailə həyatı qurduqdan sonra?

- Etiraf edim ki, Ernesti tanıyana qədər futbolla maraqlanmamışam. O vaxta qədər bu idman növü haqda heç nə bilmirdim. Belə deyək, mən, sadəcə həyat yoldaşımın azarkeşiyəm. Futbolu da Ernestə görə sevirəm.

 

- Futbol Azərbaycanla müqayisədə Belçikada daha çox inkişaf edib. Ernest ölkəmizdəki karyerasına görə narahat deyil?

- Niyə ki? Azərbaycanda futbola yaxşı sərmayə qoyulur, gələcəkdə hər şey yaxşıya doğru dəyişəcək. Ernest burada narahat deyil, əksinə, hər şey onun ürəyincədir. Maliyyə cəhətdən Azərbaycan daha yaxşıdır.

 

- “Neftçi” bu gün Azərbaycan kubokunun yarımfinalında “Rəvan”la cavab matçına çıxacaq. Necə düşünürsünüz, həyat yoldaşınızın komandası finala yüksələ biləcəkmi?

- Şəxsən mən bu gün “Neftçi” üçün dua edəcəyəm. Bu komandanın qələbəyə həddindən artıq ehtiyacı var. Həm Ernest, həm də komanda yoldaşları bu oyuna ciddi yanaşırlar. İnanıram ki, finala məhz “Neftçi” çıxacaq.

 

- “Rəvan”la oyundan söz düşmüşkən, bu komanda ilə yarımfinal mərhələsinin ilk matçında sizinlə bağlı problem yaranmışdı. Ernest sizin VİP-ə buraxılmamağınıza görə kluba etiraz etmişdi...

- Düzdü. Mən bir neçə dostumu həmin görüşə dəvət etmişdim. Amma “Neftçi” klubunun mühafizəçiləri onlara mənimlə birgə oturmağa icazə vermədilər. İcazə versəydilər, hansısa problem olmayacaqdı. Amma mühafizəçilər bizə qarşı kobud davrandılar.

 

- Ernest buna görə stadionu çox əsəbi tərk etmişdi. Sonradan klub rəsmiləri ilə aralarında problem yaranmadı?

- Biz mühafizəçilərlə mübahisə etdik. Onlar heç bir səbəb olmadan mənim dostuma yumruq atdılar. Ertəsi gün mühafizəçilərlə söhbət etdik. Artıq bunu unutmaq lazımdır. İndi biz yaxşıyıq.

 

- Azərbaycanda “Neftçi”dən başqa hansı klubların oyunu sizin xoşunuza gəlir?

- Belə ciddi maraqlanmıram. Amma bildiyim odur ki, “Qarabağ” güclü komandadır.

 

- Son zamanlar “Neftçi”də problemlər var. Həyat yoldaşınız bu barədə danışır?

- Yox, heç nə demir. Onlar hər şeyi komanda daxilində danışırlar. Ernest də heç nə bilmir. Amma bizə maraqlıdır ki, komandada nə baş verir.

 

 

Elsevər MƏMMƏDOV

0