“Neftçi”: Qələbəsizliyə son qoymaq üçün
30.07.2014 - 13:15
“Neftçi”: Qələbəsizliyə son qoymaq üçün

Sabah Avropa Liqasının III təsnifat mərhələsinin oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” də növbəti matçına çıxacaq.

 

Ölkəmizin ən titullu klubu Gürcüstanın “Çixura” komandası ilə qarşılaşacaq. Pley-offa vəsiqə yolunda ilk duel Bakıda keçiriləcək.

 

“Bakcell Arena”dakı qarşılaşmada “ağ-qaralar” uğursuz seriyaya son qoymağa çalışacaq. Gürcüstanın “Zestafoni” komandasını 3:0 hesabı ilə məğlub edəndən sonra Böyükağa Hacıyevin yetirmələri evdə qələbə qazana bilmir. Təbii ki, söhbət avrokubok oyunlarından gedir.

 

2012-ci ilin yayındakı qələbədən sonra evdə 7 matça çıxan “Neftçi” azarkeşlərini sevincə həsrət qoyub. Paytaxt təmsilçisi Gürcüstan təmsilçisi ilə 2 il əvvəlki uğuru həmin ölkənin digər komandası ilə matçda təkrarlamağa çalışacaq.

 

Yoxlama oyunlarında “Çixura”nı məğlub edə bilməyən “Neftçi” tarixində ikinci dəfə pley-offa yüksəlmək üçün evdə sərfəli nəticə qazanmalıdır.

 

Qeyd edək ki, Avropa Liqasındakı digər Azərbaycan klublarından “Qəbələ” I, “İnter” II təsnifat mərhələsində mübarizəni dayandırıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

31 iyul

20:00. “Neftçi” (Azərbaycan) – “Çixura” (Gürcüstan)

Baş hakim: Kristian Balay

Hakim köməkçiləri: Sebastyan George, Ovidiu Artene

Dördüncü hakim: Katalin Sorin Popa (hamısı Rumıniya)

UEFA nümayəndəsi: Vladilslav Xodeyev (Rusiya)

Hakim-inspektor: İrji Ulrix (Çexiya)

Bakı. “Bakcell Arena” stadionu

 

0