"Bakı"dan Tahir Gözələ cavab gəldi: Oyuna yaxşı baxmayıb - MÜSAHİBƏ
01.09.2014 - 19:26
"Bakı"dan Tahir Gözələ cavab gəldi: Oyuna yaxşı baxmayıb - MÜSAHİBƏ

“Bakı” klubunun qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının IV turu çərçivəsində “Qarabağ”la oyundan (2:2) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Matçın bərabərliklə nəticələnəcəyini gözləyirdinizmi?

- Birinci hissə “Qarabağ”ın üstünlüyü ilə keçdi. Amma fasilədən sonra fərqli “Bakı” gördünüz. İkinci hissədə çox yaxşı oynadıq. Ola bilsin, birinci hissədə uşaqlar həyəcanlı olub. Çünki “Qarabağ” Avropada uğurlu çıxış edir, qrup mərhələsinə vəsiqə qazanıb. Komanda yoldaşlarımın əksəriyyəti ilk dəfə belə güclü komandaya qarşı mübarizə aparırdı.  

 

- Baş məşqçiniz İbrahim Uzunca fasilədə nəyi dəyişdi ki, fərqli oyun sərgilədiniz?

- Baş məşqçi fasilədə müəyyən söhbət apardı, öz taktikasını, tapşırıqlarını verdi. Həm də uşaqlarda özünəinam yarandı. Başa düşdülər ki, mübarizə aparmaq, oynamaq olar.

 

- Amma matçdan əvvəl çoxları Ağdam təmsilçisinin asan qələbə qazanacağını deyirdi...

- Tək futbolda yox, heç bir idman oyununda arxayınlaşmaq olmaz. “Qarabağ” bizdən heç belə oyun gözləmirdi. “Neftçi”yə, “Qəbələ”yə qarşı da yaxşı oyun nümayiş etdirmişdik, sadəcə, qələbə qazana bilmirdik. “Qarabağ”la qarşılaşmada isə qələbəni əldən verdik. Çox yaxşı oyun nümayiş etdirdik. Rəqib təcrübə baxımından bizi üstələyirdi. Komandamızın əksər üzvü gəncdir, 19-20 yaşları var.

 

- “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl saytımıza müsahibəsində “Bakı”nın futbolçularının vaxtı uzatdığını, tez-tez yıxılmaqla bir növ oyunu ləkələdiyini bildirib...

- Gözəl oyuna yaxşı baxmayıb. O, hansı gözlə baxırdı, bilmirəm. “Bakı” halal xalını qazandı. Ola bilsin, həmin vaxt futbolçumuz zədə aldığı üçün yıxılıb. Tahir Gözəlin futbolçusu heç vaxt zədələnməyib?

 

- Hakimlə niyə mübahisə edirdiniz?

- Epizodun birində top Reynaldonun əlinə dəydi. Hakimə ona sarı vərəqə göstərməli olduğunu dedim. Digər epizodda isə Muaremlə mübahisəmiz düşdü. Etirazımı bildirdim. Buna görə də sarı vərəqə aldım.

 

- Gənclərlə oynamaq çətin deyil?

- Çətin deyil, əksinə uşaqların mübarizəsini görüb zövq alırsan.

 

- Komandada vəziyyət necədir?

- Ab-hava düzəlib. Çalışırıq, mübarizə aparırıq. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. Oyunlara köklənməkdə çətinlik yoxdur.

 

- Maddi baxımdan irəliləyiş varmı?

- Bu artıq klub rəhbərliyinin işidir. Onlar da görür ki, uşaqlar can qoyur, əziyyət çəkir. İstər-istəməz köməklik göstərəcəklər.

 

0