Son sınaq
02.09.2014 - 10:44
Son sınaq

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri yoldaşlıq oyununda Rusiya ilə qarşılaşacaq.

 

Bu görüş AVRO-2016-nın seçmə mərhələsi öncəsi son sınaq olacaq. Vacib matçlar öncəsi Moskvada meydana çıxacaq millimiz indiyədək yoxlama oyununda qarşılaşmadığı rəqiblə üz-üzə gələcək.

 

Belə ki, yığmamız şimal qonşularımızla yalnız seçmə oyunlarında görüşüb. Moskvada baş tutan qarşılaşmalarda qol vura bilməyən millimiz hər iki görüşü uduzub. Bakıda isə eyni – 1:1 hesablı bərabərlik qeydə alınıb.

 

Rəqiblərin 5-ci oyunu nəticə baxımından önəmli olmasa da, qarşıdakı seçmə matçlarına hazırlıq üçün vacibdir. Belə ki, yığmamız bu qarşılaşmadan cəmi 6 gün sonra AVRO-2016-nın seçmə mərhələsində ilk matçına çıxacaq. Komandamız sentyabrın 9-da Bakıda Bolqarıstanı qəbul edəcək. Bu üzdən Moskvadakı oyunda balkanlıların nümayəndələrinin olması da istisna edilmir.

 

Rusiya yığması isə millimizlə oyundan sonra daha az vaxtı olacaq. Çünki şimallılar sentyabrın 8-də seçmə mərhələyə start verir. Öz meydanında oynayacaq şimallılar Lixtenşteyni sınağa çəkəcək.

 

Yoldaşlıq oyunu

3 sentyabr

20:00. Rusiya – Azərbaycan

Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov (hamısı Özbəkistan)

Moskva. “Ximki Arena” stadionu

0