“Onlar haqqında məlumat toplamağa ehtiyac yoxdur” - MÜSAHİBƏ
16.09.2014 - 10:19
“Onlar haqqında məlumat toplamağa ehtiyac yoxdur” - MÜSAHİBƏ

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin apasport.az saytına müsahibəsi

 

- Bu mövsüm Topaz Premyer Liqasında ilk qələbənizi V turda AZAL üzərində qazandınız. Bu barədə nə deyə bilərsiniz?

- Bu oyundakı 3 xal bizim üçün çox vacib idi. Həm çempionatda da qələbə qazanmalıydıq, həm də Avroliqa öncəsi qalibiyyətə ehtiyac var idi. Yaxşı oyun göstərdik. Demək olar ki, “Qarabağ” öz gücünü tam ortaya qoymağı bacardı. AZAL güclü rəqibdir. Məncə, onlar çox komandalara problem yaradacaqlar.

 

- Çempionata elə də yaxşı başlamamsınız. Bunu nə ilə əlaqələndirmək olar?

- Düşünmürəm ki, biz daxili çempionatda pis oynamışıq. Sadəcə iki cəbhədə mübarizə aparmaq asan deyil. Amma yenə də Premyer Liqaya diqqət etməliyik. AZAL-la oyundakı uğurun davamını gətirmək fikrindəyik. Növbəti oyunlarda da eyni tempdə oynamağa çalışacağıq.

 

- Etiraf edirsiniz ki, əsas diqqətinizi Avroliqaya yönəltmisiniz. Çempionat oyunlarına o qədər də önəm vermirsiniz...

- Yox, əsla elə deyil. Bizim üçün hər iki turnir vacibdir. “Qarabağ” olaraq bütün oyunlarda əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.

 

- Artıq 2 gün sonra Avropa Liqasının qrup mərhələsindəki oyunlarınıza start verəcəksiniz. İlk matçınız evdə Fransanın “Sent-Etyen” klubuna qarşı olacaq...

- Çox sevinirəm ki, “Qarabağ” Avroliqanın qrup mərhələsində oynayacaq. Bu həm Azərbaycanın, həm də komandamızın adı üçün böyük uğurdur. Özümü bu komandanın bir parçası sayıram və bu uğurlar mənim üçün çox gözəldir. Səbirsizliklə qrup mərhələsindəki ilk oyunumuzu gözləyirəm. “Sent-Etyen”ə qarşı matç şəxsən mənim üçün möhtəşəm bir oyun olacaq. Var gücümüzü meydanda qoyub uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq.

 

- “Sent-Etyen” haqqında məlumat toplamısınız?

- Onlar haqqında məlumat toplamağa ehtiyac yoxdur. Onsuz da hər kəs bu komandanı tanıyır. Fransa çempionatı dünyanın ən güclü liqalarından biridir. “Sent-Etyen” də bu ölkənin tarixi komandalarındandır. Onu bilirəm ki, fransız klubunun çox möhtəşəm azarkeşləri var.

 

- Çempionat oyunundan sonra komandada yorğunluq yoxdur? Avroliqa oyununa tam hazırsız?

- İnanıram ki, yorğunluq olmayacaq. Həm də bizim eyni səviyyədə 25 futbolçumuz var. Çox yaxşı komandamız var.

 

- Qrup mərhələsinin ilk oyununun Bakıda keçirilməsi sizin üçün yaxşı hal sayıla bilər?

- Əslində yaxşıdır. Çünki öz azarkeşlərimiz önündə bu həyəcanlı oyunda qalib gəlmək gözəl olardı. Azarkeşlərimizlə birlikdə Avroliqanın qrup mərhələsinə uğurlu start vermək istəyirik.

 

- Qrup mərhələsindəki rəqibləriniz Ukraynanın “Dnepr”, İtaliyanın “İnter”i və Fransanın “Sent-Etyen” klublarıdır. Belə bir qrupdan növbəti mərhələyə çıxmaq olarmı?

- Futbolda hər şey mümkündür. Biz çox böyük klublara qarşı oynayacağıq. Əsas məqsədimiz adımıza layiq çıxış etməkdir. Rəqiblərimiz güclüdür, amma biz öz şanslarımızın imkan verdiyi yerə qədər mübarizə aparacağıq.

 

 

Elsevər MƏMMƏDOV

0