[b]Vüqar Nadirov: Tez-tez oynamaq daha yaxşıdı -[/b] MÜSAHİBƏ
25.10.2014 - 23:03
[b]Vüqar Nadirov: Tez-tez oynamaq daha yaxşıdı  -[/b] MÜSAHİBƏ

Topaz Premyer Liqasının IX turu çərçivəsində bu gün “Xəzər Lənkəran”ı qəbul edəcək “Qarabağ” klubunun yarımmüdafiəçisi Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

 

- Öncə Avropa Liqasının qrup mərhələsində “Dnepr” üzərində qazanılan 1:0 hesablı qələbə barədə danışardınız…

- Maraqlı, eyni zamanda çətin oyun oldu. Bütün planlarımız xal qazanmaq üzərində qurulmuşdu. Buna görə də yaxşı hazırlaşdıq. Qələbə qazanmaqla, turnir cədvəlindəki mövqeyimizi də yaxşıladırdıq. Artıq bu matçı unutmaq lazımdı. Çünki bizi “Xəzər Lənkəran”la çətin sınaq gözləyir. Arxayınlaşmaq, eyforiyaya qapılmaq olmaz.

 

- Oyundan əvvəlki açıqlamalardan hiss olunurdu ki, “Dnepr”dən çox çəkinirdiniz. Meydanda həmin komandanı gördünüzmü?

- Bəli, oyundan əvvəl müəyyən qədər çəkinirdik. Ancaq oynadıqca hiss elədik ki, istənilən komandaya qarşı mübarizə aparmaq olar. Biz səfərə sırf qələbə qazanmaq üçün yox, xalla dönmək üçün yollanmışdıq. 

 

- İkinci hissədə əsasən müdafiəyəmeylli oyuna üstünlük verdiniz. Bu hesabı qorumaq üçün atılmış addım idi, yoxsa gücünüzü qoruyurdunuz?

- Müdafiəyə çəkilmədik. Sadəcə, orta xətdə çox sıx oynamağa başladıq. Yəqin buna görə belə alınıb. Sıx oynamaqla, rəqibə boşluq və epizod yaratmağa imkan vermirdik.

 

- İlk “11-lik”də meydana çıxmağınız Leroy Corcun zədələnməsi ilə bağlı idi?

- Bu, baş məşqçinin qərarıdı. Deyə bilmərəm ki, Corc zədələndi, ona görə meydana çıxdım. Əgər baş məşqçi etimad göstəribsə, bunu doğrultmalıyam.

 

- Kiyevdən döndükdən dərhal sonra məşqləri bərpa etdiniz. Bu qrafikdə hazırlaşmaq yorğunluq yaradırmı?

- Yorğunluq yaratmır. Əsas problem zədə ilə bağlıdı. Ola bilsin ki, bu cür gərgin qrafikdə zədələnənlər olsun.

 

- Adətən bizim futbolçuların 3 gündən bir oyuna çıxacaq gücdə olmadığı deyilir. Bununla razılaşırsınızmı?

- Razılaşmıram. Biz də sıx qrafikdə oynamağa hazırıq. Yenə deyirəm, yeganə problemimiz zədə ilə bağlı ola bilər. Tez-tez oynamaq daha yaxşıdı.

 

- Bu gün Premyer Liqada daha bir çətin oyuna çıxacaqsınız. “Xəzər Lənkəran”la duel haqda nə düşünürsünüz?

- Qələbə qazanmağa hazırlaşırıq. Bəziləri fikirləşir ki, “Qarabağ” fikrini Avropa Liqasına yönəldib, çempionat yaddan çıxıb. Elə deyil. Premyer Liqa da bizim üçün vacibdi.

 

- Səfərdən gəldikdən sonra qısa vaxtda növbəti oyuna çıxmağınız sizə problem yaratmayacaq?

- Çətinlik yaratmayacaq. Çünki geniş heyətə sahibik. Hamı bir-birini sığortalamağa qadirdi.

 

- Heyət demiş, ehtiyatdakı futbolçular arasında meydana çıxıb, oyunun nəticəsini dəyişə biləcək futbolçu yoxdur axı...

- Var, həm də çoxdu.

 

- Kimləri nəzərdə tutursunuz?

- Namiq Ələsgərov, Cavid Tağıyev, Tərlan Quliyev, İlqar Qurbanov var. Onlar hamısı bizə kömək edəcək gücdədirlər. Emeqara Avropa Liqasında olmasa da, Premyer Liqada meydana çıxacaq.  

 

 

0