Yunis Hüseynovdan sərt ittihamlar: Özləri də dediklərindən baş açmırlar
25.11.2014 - 16:03
Yunis Hüseynovdan sərt ittihamlar: Özləri də dediklərindən baş açmırlar

“Terrorist olduğum üçün məni 5 oyun stadiona buraxmayacaqlar? Hansı səbəbə görə belə cəzalandırıblar? İntizam Komitəsi heç özü bilmir ki, nə qərar verir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” idman direktoru Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının XII turunda baş tutan “İnter” – “Xəzər Lənkəran” (3:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze rəqib komandanın məşqçi heyətini təhqir etmişdi. Hüseynov da gürcü mütəxəssisin cavabını verdiyi üçün İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalanıb. O, bu qərara münasibət bildirib.

 

“Hər şeyə hörmətlə yanaşmaq lazımdır. Amma Kaxaber Sxadadze bizi söydüyü üçün durub üzünə baxmalı idim? Yəqin, mən ona deməliydim ki, bizi yenə təhqir et. Əxlaqsız hərəkət etməmişəm ki? Sadəcə, onun dediklərinə cavab vermişəm. Sxadadzeyə də 5 oyun cəza veriblər, mənə də. Başa düşdüm ki, baş məşqçiyə cəza verirlər və o texniki zonada oturmur. Amma biz isə stadiona girməməliyik. Bu nə deməkdi? Bu qərarı verənlər heç özləri də dediklərindən baş açmırlar. Oyunun hakim-inspektoru ilə də danışmışdım və mənim haqqımda onun heç bir qeydi olmamışdı. Sadəcə, Kaxaberin bizi təhqir etdiyini yazmışdı. İndi bu hardan çıxdı?” – deyə Hüseynov bildirib.

 

“Ağ-yaşıllar”ın rəsmisi Apelyasiya Komitəsinə şikayət edəcəklərini deyib: “Biz bu qərarla razılaşmırıq. Bununla bağlı apelyasiya şikayəti verəcəyik”.

 

ELSEVƏR

 

0