[b]Çempionlar Liqasının daha 6 iştirakçısı bəlli oldu[/b]
11.06.2018 - 18:13
[b]Çempionlar Liqasının daha 6 iştirakçısı bəlli oldu[/b]

Futzal üzrə Çempionlar Liqasında iştirak edəcək daha 6 komandanın adı müəyyənləşib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, bununla 59 iştirakçıdan 53-ü dəqiqləşib.

Ölkəmizi bu yarışda təmsil edəcək “Araz”la bərabər, 47 komandanın adı öncədən bəlli idi. Son olaraq “Sportinq”, “Benfika” (hər ikisi Portuqaliya), “Novo Vrejeme” (Xorvatiya), “Ekonomaç” (Serbiya), “Qyor” (Macarıstan) və “Kremlin – Bisetre Yunayted” (Fransa) turnirə vəsiqə əldə edib.

İtaliya, Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ bəlli deyil.

Qeyd edək ki, “Araz” mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. “Dördlər finalı” aprelin 25-27-də və ya 26-28-də keçiriləcək. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər. Bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidi. Püşkatmaya gəldikdə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək.

0