17:35 13-02-2013
news_image
1750
DİGƏR NÖVLƏR

Avropa Olimpiya Komitəsində ilk azərbaycanlı xanım - FOTO

Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbələrinin rəhbəri Könül Nurullayeva Avropa Olimpiya Komitəsi (AOK) nəzdində yeni yaradılmış “İdmanda Qadın və Bərabərlik” Komissiyasının üzvü seçilib. Apasport.az saytının məlumatına görə, AOK-un prezidenti Patrik Hikey tərəfindən MOK-un nümayəndəsi Nurullayevaya ünvanlanan məktubda qeyd edilir ki, bu haqda qərar rəhbərlik etdiyi qurumun İcraiyyə Komitəsi tərəfindən verilib.

AOK-nin vitse-prezidenti Aleksandr Kozlovskinin rəhbərlik edəcəyi yeni yaradılmış komissiyanın üzvləri sırasında həmyerlimizlə yanaşı, İspaniya və Böyük Britaniya Olimpiya Komitələrinin vitse-prezidentləri, Polşa, Makedoniya, Türkiyə və Fransa milli olimpiya komitələrinin baş katibləri yer alıblar.

Olimpiya Oyunlarının təşkili və idarə edilməsində uzunmüddətli təcrübəyə malik olan Nurullayeva Bakı-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin icraçı-direktoru, 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi məsul vəzifələri tutub. Bundan əlavə, o, İslam Qadın və İdman Federasiyalarının I komitəsinin üzvüdür.

Qeyd etmək lazımdır ki, 1975-ci ildə təsis edilmiş və hazırda 49 ölkənin MOK-larını özündə birləşdirən AOK-un nəzdində Olimpiya Oyunları, Beynəlxalq Əlaqələr, Gənclər və İdman, Olimpiya Mədəniyyəti və Təhsil və s. beynəlxalq komissiyaları fəaliyyət göstərir. MOK nümayəndəsi AOK nəzdində yaradılmış komissiyanın üzvü olan ilk azərbaycanlı xanımdır. Nurullayevanın Komitə nəzdində yaradılmış beynəlxalq komissiyanın üzvü seçilməsi MOK, eyni zamanda, Azərbaycanın idman tarixində yeni bir nailiyyətdir.