Elçin Cəfərov: “Fərid Mansurov xəstələnən zaman hiss etdim ki, onun Pekin Olimpiadasında uğurlu çıxış etməsi qeyri-mümkündür”
19.08.2008 - 10:33
Elçin Cəfərov: “Fərid Mansurov xəstələnən zaman hiss etdim ki, onun Pekin Olimpiadasında uğurlu çıxış etməsi qeyri-mümkündür”
- XXIX Yay Olimpiya Oyunlarında Azərbaycanın yunan-Roma güləşçiləri iki gümüş medal qazanıblar. Nəticə Sizi qane etdimi?

- Pekin Olimpiadasında 7 mümkün çəkidən 6-da təmsil olunurduq. Yalnız 96 kq çəkidə pəhləvanımız yox idi. 55 və 60 kq çəki dərəcələrində yer alan Rövşən Bayramovla Vitali Rəhimov sonadək güləşdilər. Onların çıxışları məni qane etdi. Bununla yanaşı, məni narazı salan hallar da var. Xüsusən, Bayramovun finaldakı çıxışından heç cür razı qala bilmədim. Qızıl medal əlində, üstünlük öz tərəfində olduğu halda hissənin başa çatmasına 4 saniyə qalmış qələbəni əldən verdi. O, rusiyalı Nazir Mankiyevlə qarşılaşmada həm özü xal aldı, həm də öz əli ilə rəqibə xal verdi. Yəni, rəqibi ondan xal almadı. Rövşən özü Mankiyevə xal verərək, onun Olimpiya çempionu olmasına kömək etdi. Rəhimova gəldikdə, Pekinə yollananlar sırasında heç kim onu nə favorit, nə də medallara iddialılar sırasında görürdü. Şəxsən mən özüm fikrimdə Vitaliyə üçüncü yeri nəzərdə tutmuşdum. Vitali çox gözəl start götürdü. Təşkilatçı ölkə olan Çin, eləcə də Rumıniya, Bolqarıstan, Qazaxıstan təmsilçilərinə qarşı olduqca gözəl güləşdi. Rəhimov karyerası ərzində ikinci dəfə özünü çox yaxşı tərəfdən göstərdi. İlk dəfə 2005-ci ildə Avropa çempionu olarkən də onun çıxışı məndə xoş təəssürat buraxmışdı. Vitalinin Pekin Olimpiadasındakı çıxışı 60 kq çəkidə yer alanlar arasında “ən yaxşı” sayıldı. Deyirlər ki, guya o, psixoloji cəhətdən yarışa hazır deyildi. Əgər belə olsaydı, ikiqat Olimpiya çempionuna, Avropa çempionuna, dünya çempionatlarının mükafatçılarına qalib gələ bilməzdi. Vitalinin finaldakı məğlubiyyətini həlledici qarşılaşmayadək keçirdiyi 4 görüşdə çox güc sərf etməsi ilə əlaqələndirirəm. Mənə elə gəlir ki, o, final öncəsi psixoloji baxımdan artıq ikinci yerlə kifayətlənmişdi. Çünki qızıl medal uğrunda çox sönük mübarizə apardı. Bununla belə, ikinci yeri tutması Rəhimov üçün çox böyük qələbədir. Azərbaycan güləşçiləri ilk dəfə Olimpiya Oyunlarında məhz yunan-Roma güləşində iki gümüş medal qazandılar.

- Bəs mübarizənin ikinci günündə Olimpiya və dünya çempionumuz Fərid Mansurovla İlqar Abdulovun uğursuzluğa düçar olmalarını nə ilə izah etmək olar?

- Fərid Olimpiadanın açılışında bayraqdar idi. Tədbir zamanı o, tərləyərək Olimpiya şəhərciyinə güclü soyuqdəymə ilə qayıtmışdı. Dörd gün 39-40 dərəcə temperaturu oldu. Yalnız avqustun 12-də məşqə başladı, bir gün sonra isə yarışa çıxdı. Hələ xəstələnən zaman hiss etdim ki, Fəridin Pekin Olimpiadasında uğurlu çıxış etməsi qeyri-mümkündür. Orada bəzi fikirlər səsləndi ki, xəstədirsə, yarışa qatılmasın. Mən də əvvəlcə onu yarışa buraxmaq istəmirdim. Lakin sonradan düşündüm ki, əgər belə etsəm, insanları başa salmaq heç cür mümkün olmayacaq. Biri “yəqin artıq çəkisi olub”, digəri “ola bilsin, idmançının özü güləşmək istəməyib” deyəcək. Amma əminəm ki, Fərid xəstələnməsəydi, çıxış etdiyi 66 kq çəkidə ən azı mükafatçılar sırasında yer tutacaqdı. 74 kq çəkidəki təmsilçimiz Abdulov isə ilk qarşılaşmasında Türkiyə təmsilçisinə qalib gəldi, sonra isə rusiyalı pəhləvana uduzaraq, mübarizəni dayandırdı. Uduzduğu görüşdə çox sönük təsir bağışladı, bir qədər inamsızlıq, bir qədər də mübarizə əzmi zəif olduğu üçün yarışı erkən tərk etdi.

- Legionerlərimiz Şalva Qadabadze ilə Anton Botevin çıxışları haqda nə deyə bilərdiniz?

- 84 kq çəkidəki təmsilçimiz Qadabadze 1 qələbə, 2 məğlubiyyətlə yarışı 8-ci pillədə başa vurdu. 120 kq-da yer alan Botev isə 1 qələbə, 1 məğlubiyyətlə mübarizəni dayandırdı. Ümumiyyətlə, Mansurovun xəstəliyini nəzərə almasaq, nə iki legionerimizin, nə də Abdulovun çıxışları məni razı salmadı. Bu, onların keçdikləri hazırlıq prosesi ilə deyil, özlərinə inamsızlığı ilə əlaqədardır. Əks halda, yüksək yerlər uğrunda mübarizə aparardılar. Çünki heç kimdən zəif deyildilər. Rəqibləri onlara çox kiçik üstünlüklə qalib gəldilər.

- İndiyədək heç bir idmançımız ardıcıl iki dəfə Olimpiya çempionu ola bilməyib. Fərid Mansurov da belə imkanı əldən qaçırdı. Sizcə, bu tendensiya daha çox idmançıların Olimpiya çempionu olduqdan sonra “ulduz xəstəliyi”nə tutulması, artıq əsas problemlərini həll etdiyi üçün işinə əvvəlki həvəslə can yandırmaması ilə əlaqədar deyil?

- Xeyr, Başqalarından fərqli olaraq, məhz Fərid Mansurov “ulduz xəstəliyi”nə tutulmayıb və tutulmağına da imkan verilməz. Hamı bilsə də, heç kim demədi ki, Fərid bir dəfə Almaniyada, iki dəfə Türkiyədə onurğa sütunundan əməliyyat olunub. Bu adam canını qoyub, Olimpiya və dünya çempionu olub. Məgər istəməzdi ki, ikiqat Olimpiya çempionluğuna yiyələnsin? Pekinə ona görə getmişdi. Getməyə də bilərdi. Beli ağrıyırdı, ona kim nə deyəcəkdi? Olimpiya çempionu titulu ilə yanaşı, tərbiyəsi, intellektual səviyyəsi ilə fərqlənən belə insanlar tək-tükdür. Yunan-Roma güləşində kiminsə “ulduz xəstəliyi”nə tutulmasına imkan verilməz.

- Hər halda Olimpiya yığmamızın bayraqdarının ilk görüşdə uduzması, öz çəkisində 20 güləşçi arasında 19-cu olması hamını təəssüfləndirir.

- Tamamilə razıyam, amma gəlin görək, Fərid döşək üzərinə hansı vəziyyətdə çıxmışdı?

- Bəs həkimlər onu vaxtında sağalda bilməzdilər?

- Həkimlər nə etsinlər? Üç günə qızdırmasını aşağı saldılar. Lakin bu zaman Fəridin taqəti, gücü qalmamışdı. Nə edə bilərdi? Onun özü qədər ikinci dəfə Olimpiya çempionluğunu arzulayan şəxs olmazdı.

- Yunan-Roma güləşçilərimizin Pekin Olimpiadasındakı çıxışından danışarkən, məsələ bir az siyasiləşdirilir. Rövşən Bayramov finala gedən yolda Ermənistan təmsilçisini, Vitali Rəhimov isə Bolqarıstanın erməni əsilli güləşçisini sıradan çıxarıb. Biz hər iki faktı xeyli qabardırıq. Amma Fərid Mansurov Ukraynanın məhz erməni əsilli güləşçisi Armen Vardanyana uduzub. Bu baxımdan da təəssüf doğuran mənzərə yaranmırmı?

- Mən də millətimi, xalqımı, torpağımızı, bayrağımızı çox sevənlərdən biriyəm. Lakin mən qeyd olunan məsələlərin bu qədər siyasiləşdirilməsini istəmirəm. Bu, idmandır. İdmançılarımız Olimpiya Oyunlarından tutmuş adi turnirlərdə belə ermənilərə qalib də gəliblər, məğlub da olublar. Udacaqlar da, uduzacaqlar da. Mübarizə davam edir. Amma ermənilərlə qarşılaşmalarda udub-uduzmağımızı bu qədər şişirtmək lazım deyil. Bir il öncə Polşada beynəlxalq turnirdə olarkən, həmin Vardanyan Mansurova yaxınlaşaraq, “Məni cüzi fərqlə ud” deyirdi. Amma bu gün Fəridin xəstəliyi imkan vermədi ki, ona layiqli müqavimət göstərsin. Onu yarışa buraxmasaydım, deyəcəkdilər ki, ermənidən qorxdu. Bizim işimiz qalib gəlməkdir, qarşımıza kim çıxsa, onu udmalıyıq. İstər erməni olsun, istərsə də digər ölkələrin nümayəndələri. İndi hərə bir söz danışır. Biri idmançıların çox yorulduğunu, digəri az məşğul olduqlarını söyləyir. Adını yaza bilməyən, amma özünü mütəxəssis sayan bir nəfər deyirmiş ki, Elçin Cəfərov ümumi fiziki hazırlığa çox yer verməklə güləşçiləri yorub. Adama deyərlər ki, gəlin, götürün, işləyin. Ya da hazır konsepsiyanız varsa, verin camaat onunla işləsin. Bacarmırsınızsa, heç olmasa, görülən işlərə mane olmayın. Qıraqda durub boş-boşuna çənə vurmaq, danışmaq xətrinə danışmaq lazım deyil.

- İl ərzində Olimpiya Oyunları ilə yanaşı, müxtəlif yarışlarda da qüvvənizi sınadınız. Ümumiyyətlə, mövsümə hansı notlarla yekun vura bilərsiniz?

- Biz yunan-Roma güləşində 2008-ci ili uğurla başa vururuq. Əldə edilən iki gümüş medal “klassik” güləşimizin çox yaxşı inkişafda olmasından xəbər verir. Bu, mənim şəxsi fikrimdir. Əldə edilən uğurlar Güləş Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin yaxından köməyi nəticəsində mümkün olub. Sadəcə, yerlərdə, bölgələrdə, cəmiyyətlərdə işləri artırmaq, nəzarətə götürmək lazımdır. Yəni, belə məsələlər yalnız yığma səviyyəsində həll olunmamalıdır. Milli komanda cəmiyyət və klubların işlərini görməməlidir. Dünyanın heç bir yerində yığma komanda bizdəki kimi, ilboyu təlim-məşq toplantısı keçmir. Ölkə çempionatı keçirildikdən sonra yığma formalaşır və mötəbər yarışlara hazırlığa başlayırlar. Amma bizdə ilboyu təlim-məşq toplantıları olur. Çünki səviyyəsiz, danışığını, oturuşunu, davranışını bilməyən məşqçilərin işini yığma komanda görür. Onlar yalnız layiq olmadıqları maaş, mükafat güdürlər. Maaş vaxtı növbəyə duran məşqçilərin heç biri gəlib demədi ki, verin, idmançımızı özümüz hazırlayaq. Amma indi hamısı mükafatını, təltif olunmağını gözləyir. Dünyanın heç bir ölkəsində yığma komanda məşqçiləri mənim qədər işləmirlər. İdmançılar yerlərdə, klub və cəmiyyətlərdə hazırlanır. Amma mən bilirəm ki, güləşçini klubuna buraxsam, burada yığdıqlarını itirib gələcək. Belədə mən eyni işi ikiqat artıqlaması ilə görməliyəm.

- Olimpiadadakı çıxışlarınızın yüksək səviyyədə müzakirəsi gözlənilirmi?

- Təbii ki, yaxınlarda bu haqda müzakirələr olacaq, analizlər aparılacaq. Biz bunların hamısına hazırıq. Sadəcə, sabah 2012-ci il London Olimpiadasına hazırlıq başlasa, qarşıdakı dörd il ərzində bütün pəhləvanlarımızdan yüksək nəticələr gözləyə bilərik. Baxmayaraq ki, idmançının dörd il ərzində daim mübariz formada olması qeyri-mümkündür. Hətta adi turnirdə də ondan qızıl medal gözləyirik. Gətirə bilməsə, “pozuldular, yoldan çıxdılar” deyirik. Lakin bu, belə deyil. Sadəcə, güləşçi idman formasını saxlamalıdır ki, lazımi yarışlarda öz sözünü deyə bilsin. Fərid “Qızıl Qran-Pri” turnirinin final mərhələsində ikinci yeri tutanda, ondan nələr yazmadılar? Halbuki bu, adi turnir idi. Son üç ilin dünya çempionu, iranlı Həmid Surian Pekin Olimpiadasında 5-ci yeri tutdu. Amma bizdə deyirlər ki, hətta Bakı birinciliyində qızıl medal qazanmalısan. Yoxsa, hazır deyilsən. Bu cür hallar idmançıların sinir sistemini pozur. Bunu bərpa etmək isə çox çətindir. Hesab edirəm ki, hər yarışa eyni idmançının qatılması, hər dəfə çəki saldırması, hər dəfə nəticə gözləmək, qısma-boğmaya salmaq düzgün deyil. Onsuz da idmançının il ərzində əsəbləri tarıma çəkilmiş formada olur. Hər dəfə nəticə tələb etmək əsas yarış zamanı acı məğlubiyyətə gətirib çıxarır.

- Pekin Yay Olimpiya Oyunlarından sonra istefa vermək fikrində olduğunuzu bildirmişdiniz. Bu haqda qəti qərara gəlmisinizmi?

- Federasiya rəhbərliyi Pekindən qayıtdıqdan sonra bu məsələni müzakirə edəcəyik. Amma mən bir neçə ay müalicəmlə məşğul olacağam. Hər yarış əsəblərimə təsir göstərir. Həm yorulmuşam, həm də xəstələnmişəm. Həkimlərin də rəyi budur ki, müalicə olunmalıyam. Niyyətimi rəhbərliyə də çatdıracağam. Bilmirəm, razılaşacaqlar, yoxsa… Hər halda gedəsi olsam, yığma komandanı yüksək hazırlıqlı vəziyyətdə tərk edəcəyəm. Hesab edirəm ki, Azərbaycan idmanı, güləşi üçün nə isə etmişəm, hansısa uğurları qazanmışam. Güman edirəm ki, bu məsələdə rəhbərliklə ortaq məxrəcə gələcəyik. Müalicəm ola bilər ki, ilin sonunadək çəksin. Müalicəm uğurlu alınsa, qalıb işimi davam etdirə bilərəm.
0