Adrian Mutu: "Beşiktaş"a hədiyyə etmiş olduq”
10.08.2023 - 23:33
Adrian Mutu: "Beşiktaş"a hədiyyə etmiş olduq”

“Çətin oyun oldu. Güclü rəqiblə mübarizə apardıq”.

Apasport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda öz meydanına “Beşiktaş”a 1:3 hesabı ilə uduzan “Neftçi”nin baş məşqçisi Adrian Mutu birinci hissədə rəqibin daha yaxşı çıxış etdiyini bildirib. Rumıniyalı mütəxəssis komandasının səhvlərindən danışıb: "Sona qədər oyunda qalmaq üçün çalışdıq. İlk hissədə "Beşiktaş" bizdən daha yaxşı idi. İkinci yarıda biz daha yaxşı oynadıq. Rəqibdən daha yaxşı idik, "Beşiktaş"ın qapısı qarşısında çoxlu qol epizodları yaratdıq. Bir az bəxtimiz gətirsəydi, ikinci topu da vura bilərdik. Buraxdığımız üçüncü qolu "Beşiktaş"a hədiyyə etmiş olduq. Hamı gördü ki, Ervin Koffinin səhvə yol verdi. O, zədədən yeni qayıdıb. Məşqçi olaraq işim onları daha yaxşı duruma gətirib çıxarmaqdır".

- Demək olar ki, start heyətində yanıldınız? Çünki fasilədən sonra komanda daha yaxşı oynamağa başladı...
- Start heyətində yanıldığımı deməzdim. Əlimdəki oyunçulara uyğun heyət qurmuşdum. Aaron Olanare komandaya dünən qoşulub və bu gün meydana çıxdı. Heç imkanlarının 30 faizini göstərə bilmir. Ervin Koffi zədələnmişdi, son üç gündür ki, bizimlə məşq edir. Eddi İsrafilov, Ömər Buludov zədəlidir. Əlimdə olan oyunçulardan kim daha yaxşı formadaydısa, onlara şans verməyə çalışdım. Bu cür rəqiblərə qarşı  çıxış edəndə, daha çox qaçmalı olursan ki, oyundan qopmayasan. Məqsədim yeni oyunçuları ikinci hissədə meydana buraxıb, onların daha yaxşı fiziki formaya düşməsinə şərait yaratmaq idi. Ən yaxşı məşq oyundur. İnanın ki, ikinci hissə bəzi futbolçuları 45 dəqiqə meydanda oynatmağa məcbur idim. Digər tərəfdən də zədə alacaqlarından qorxurdum. Şükür Allaha, zədə alan olmadı və bu, bizim üçün yaxşıdır.

- Oyun "Beşiktaş"a qarşı mübarizə aparmağın çətin olduğunu göstərdi. Səfərdə komanda nəyə ümid edəcək?
- Səfər oyununa bir həftə var. İndidən nəsə demək çətindir. Yeni komanda formalaşdırırırıq. Bu gün gördüyünüz heyət qurmaq istədiyim komandanın 30 faizidir. Çalışırıq ki, yeni oyunçular transfer edək. Gələnləri də yaxşı fiziki duruma gətirib çıxarmaq lazımdır.  Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq komandaya ziyan da verə bilər. Futbolçuların zədələnmək ehtimalı olur. Bizim üçün İstanbuldakı çox vacibdir. Ora gedəndə yalnız qələbə haqda düşünəcəyik. İstanbula qələbə ardınca gedəcəyik.

- Matç Bakıda keçirilsə də, "Beşiktaş"ı dəstəkləyən azarkeşlər az deyildi. Bu, komandaya mənfi təsir etdi?
- Birinci hissə daha emosiya dolu idi. "Beşiktaş" azarkeşlərini də eşidirdim, yalnız "Neftçi" azarkeşlərini eşitdiyimi deyə bilmərəm. İkinci hissədə komandamın oyunu çox xoşum gəldi, futbolçular sona qədər mübarizə apardılar, razı qaldım.

- Azər Salahlı ilk yarıda çox səhvlərə yol verdi. Müdafiənin sol cinahındakı durum sizi narhat edir?
- Düzgün vurğuladız, rəqib sol cinahdan hücumlar edirdi. Biz də bunu görüb dəyişiklik etdik. Bu da komandanın xeyrinə oldu. Kenni həmin mövqedə çox yaxşı çıxış etdi. Emini də məcburən daha arxaya çəkməli olduq ki, keyfiyyətlərindən istifadə edək. Fərid Yusifli də ilk hissədə pis oynamadı. Amma hələ gəncdir, təcrübəsizdir. Ola bilsin ki, oyunboyu emosiyalara qapılmışdı. Olanareni oyuna buraxmaqla bir az riskə də getdim. Həmin mövqeyə elə oyunçu lazım idi ki, gələn topları saxlasın, itirməyək. Hər zaman qələbə qazanmaq istəyirəm. İstəməzdim ki, uduzaq. Ancaq qarşıdakı matçları da düşünməliyik. Çempionatı da düşünməliyik. Qarşımıza böyük mqəsədlər qoyulub. İndi fikirləşmək lazımdır ki, qarşıdakı oyunlara necə hazırlaşaq.

- "Neftçi" niyə bu qədər müdafiəyə çəkilmişdi? Çünki hər üç qolu müdafiənin səhvindən buraxdınız...
- Üçüncü qol haqda danışmalı deyilik. Bu səhvi hamı gördü. Futbolçular bütün oyunboyu səhvsiz oynayacağını gözləmək də düz olmaz. Çünki qarşımızda çox güclü komanda var idi, yaxşı futbolçulara qarşı oynayırdıq. Bəzən elə məqamlar var ki, qarşıdankı rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları analiz edəcəm. Müdafiədə boşluqlar verdik, onların üzərində işləyəcəyik. Rəqib onlardan istifadə edib fərqləndi.
 

0