Qurban Qurbanov: "Müdafiəçi üçün klublara müraciət edəcəyik"
15.03.2023 - 20:53
Qurban Qurbanov: "Müdafiəçi üçün klublara müraciət edəcəyik"

"Bizim üçün çox vacib matç idi. Həm yaxşı oyun göstərmək, həm də 3 xal əldə etmək istəyirdik. Oyun düşündüyümüz kimi alındı. İlk 2 qoldan sonra daha rahat oynadıq. Matçdan-matça oyunumuzu daha da yaxşılaşdırmaq vacibdir. Bu gün futbolçularım meydanda həm çox məsuliyyətli oldular, həm də istəkli idilər. "Sumqayıt"a uğurlar arzulayıram".

Apasport.az-ın xəbərinə görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVII turunun "Sumqayıt"la səfər matçından (0:6) sonra keçirilən mətbuat konfransında deyib.

– Qeyd etmisiniz ki, "Qalatasaray"la matç üçün digər klublardan futbolçu götürə bilərik. Artıq müraciət etmisiniz? Hansı mövqelərə futbolçu istəyəcəksiniz?
– Hələ müraciət etməmişik. Hesablamalarımıza görə əlimizdə 12 futbolçu qalmalıdır. Ola bilər ki, oyuna 2-3 gün qalmış müraciət edək. Çünki Yassin Benzyanın, Adama Diakabinin hazırlığı tam bəlli olacaq. Ayın 19-na kimi komandaya istirahət verdim. Onlar 19-u komanda ilə birlikdə məşq etməlidirlər. Hələ ki fərdi hazırlaşırlar. Konkret olaraq müdafiə xəttində çatışmazlığımız olacaq. Çünki cəmi 3 müdafiəçimiz qalır. Rahil Məmmədov, Kevin Medina və Maksim Medvedev. Ola bilər ki, 2-3 müdafiəçi üçün klublara müraciət edək. Amma yenə də qarşıdakı məşq proseslərindən çox şey asılı olacaq. Digər mövqelərə də ola bilər.

– Nəriman Axundzadəyə bu gün şans verdiniz. Onu "Qalatasaray"la matça hazırladığınızı düşünmək olar?
– Yox. Maksim Medvedevin qızdırması var. Ona görə ehtiyatda yox idi. Olsaydı, Nərimanı o mövqedə oynatmazdıq. Nəriman çox bacarıqlı futbolçudur. İstənilən mövqedə minimum tapşırığı yerinə yetirməyə çalışır. Gələcəkdə onu hücüm xəttində daha çox görmək istəyərdik. 

– 12 futbolçu qalacağını dediniz. Maksim Medvedevlə Qara Qarayev də bu siyahıya daxildir?
– Düzü, bəli. Sabah bəlkə də nəsə ola bilər. Onlar da milliyə getsə, 10 nəfər qalacağıq.

– Hücum xəttinin futbolçuları da milli komandaya gedəcək. Mərkəz hücumçusu kimi nəzərdə tutursunuz?
– Müasir futbolda mərkəz hücumçusuz daha çox oynayırlar. Oraya qoyacaq oyunçularımız var. Lazım olsa, bunun üçün də müraciət edəcəyik. 

– Ramil Şeydayevlə Musa Qurbanlı bombardirlik yarışı aparırlar. Uzun illərdən sonra Nikolas Kanalesin 26 qolluq nəticəsini yaxşılaşdırmaq şansı var. Gələcək matçlarda penalti olsa, Musaya verə bilərsiniz?
– Yox. Bir dəfə vermişəm. Söz verdim ki, bir də belə addım atmayacağam. 

– "Qalatasaray"la matçın milli arada olmasının səbəbi nədir? Seçim imkanı olsaydı, başqa tarixdə keçirilməsini istərdiniz?
– Şərtlər hər iki komanda üçün eynidir. Onların da bəzi oyunçuları millilərə gedəcək. Millidə oynamayanlar daha adlı-sanlıdır. Azarkeşlər onları görəcəklər. Biz tərəfdən ciddi problem görmürəm. Əlbəttə, istəyərdim ki, bütün futbolçular olsun. Burada məqsəd elədir ki, istənilən vaxt biz buna "yox" deməzdik. Hətta ən sıx qrafikdə belə "yox" demərik. Çünki matçdan əldə olunan gəlir zəlzələ bölgəsinə göndəriləcək. "Qalatasaray" kimi böyük klubların həmişə boş vaxtı olmur. Bunu da nəzərə almalıyıq. Yoldaşlıq görüşü olduğuna görə oyuna rahat yanaşacaqlar. Bu arada olması həm klublar, həm futbolçular üçün daha faydalı olacaq.

– "Qarabağ" – "Qalatasaray" matçında nəticə sizin üçün önəmli olacaq?
– Deməzdim ki, nəticə önəmli olacaq. Amma biz yaxşı oyun göstərmək istəyirik. Futbolu azarkeşlər üçün oynayırıq. Bəlkə də stadionun yarısı "Qarabağ", yarışı "Qalatasaray" azarkeşi olacaq. Bakıda "Qalatasaray" tərəfdarlarının sayı çoxdur. Çox istəyirik ki, azarkeşlərimiz oyundan həzz alsınlar. 

– "Qalatasaray"ın oyunu üçün xeyli insan bilet üçün müraciət edir. Sizə də belə müraciətlər olur?
– Tam olmayıb. Bu vaxta kimi kimə bilet vermişəmsə, bu dəfə heç kimə verməyəcəyəm. Çünki bu matçda məqsəd bəllidir. İnsanlar özləri başa düşürlər. Bəzi dostlar zarafatla dedilər. Zarafatla da olsa, mən də öz fikrimi bildirdim. Məqsədimiz bacardığımız qədər yardım etməkdir. Oradakı insanların buna ehtiyacı var. Türkiyə bizim qardaş ölkədir. Həmişə bir yerdə olmuşuq. Türkiyəyə öz evimiz kimi getmişik.

0