"Hədəfimiz kubokda və liqada çempionluqdur" - Murat Dikmen
17.04.2024 - 20:36
"Hədəfimiz kubokda və liqada çempionluqdur" - Murat Dikmen

“İlk periodda əldə etdiyimiz 31:14 hesablı fərq oyunun gedişatını açıq-aydın təsir göstərdi”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan kubokunda finala yüksələn “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis turnirin yarımfinalında NTD-İNDİQO üzərində qazanılan qələbəni şərh edib: “Komandanı təbrik edirəm, bu gün çox yaxşı mübarizə apardılar. Oyuna nəzarət bizim əlimizdə idi. Çempionatda “Sərhədçi” ilə matçdakı məğlubiyyətdən sonra müdafiədə zəiflədiyimizi, konsentrasiyamızın itirdiyimizi gördük. Ona görə də, bu həftə müdafiə məşqlərinə üstünlük verdik. İkinici periodda komandada yorğunluq hiss olundu. Bunu da normal qarşılayıram çünki yerli oyunçularımız meydanda demək olar ki, fasiləsiz mübarizə apardı. Üçüncü 10 dəqiqədə isə yenidən istədiyimiz oyunu göstərdik. Son perioda da ssenari istədiyimiz kimi davam etdi. Hər zaman dediyim kimi, komandamla qürur duyuram. Hər biri əlindən gələnin ən yaxşısını edir. İlk gəldiyim gün də demişdim ki, önəmli yaxşı komanda olmaqdır. Hədəfimiz kubokda və liqada çempionluqdur. Bu görüşdə qalibiyyət haqqımız idi. Artıq 3 gün sonrakı final matçına köklənməliyik”.

Qeyd edək ki, “Xəzri” 78:73 hesabı ilə qalib gəlib.

0