AÇ: İki güləşçimiz yarımfinalda - YENİLƏNİR
23.04.2026 - 14:50
AÇ: İki güləşçimiz yarımfinalda - YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd qadın güləşçisi mübarizəyə qoşulacaq.

Təsnifat mərhələsində Jalə Əliyeva (57 kq) Almaniya təmsilçisi Amori Andriçlə qarşılaşıb. idmançımız rəqibini “tuş”la məğlub edib və 1/4 final mərhələsinə vəsiqə qazanıb. O, növbəti mərhələdə finlandiyalı Yenna Hemiaeyə qalib gəlib və adını yarımfinala yazdırıb.

Ruzanna Məmmədova (62 kq) 1/8 finalda Ukrayna güləşçisi İlona Prokopevnyukla üz-üzə gəlib. Təmsilçimiz rəqibini 10:0 hesabı ilə tam üstünlüklə məğlub edib. İdmançımız 1/4 finalda rusiyalı Amina Tandelovaya (UWW) 0:5 hesabıyla məğlub olub.

Birgül Soltanova (65 kq) 1/4 final mərhələsində Krista İnce ilə güləşib. O, rumıniyalı, dördqat Avropa mükafatçısı üzərində 3:1 hesablı qələbə qazanıb. Beləliklə, təmsilçimiz yarımfinal mərhələsinə yüksəlib.

Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda görüşdə Marta Getmanova (UWW) ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan Avropa çempionatında indiyədək beş medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər. Həmçinin yunan-Roma güləşi millisi komanda hesabında Avropa çempionu olub.

Qeyd edək ki, qitə yarışına aprelin 26-da yekun vurulacaq.