[b]Ağasəlim Mircavadov: Artıq hər şey öz əlimizdədi -[/b] MÜSAHİBƏ
27.07.2015 - 11:57
[b]Ağasəlim Mircavadov: Artıq hər şey öz əlimizdədi -[/b] MÜSAHİBƏ

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

 

- DÇ-2018-in püşkü atıldı və rəqiblərimiz müəyyənləşdi. Püşkün nəticəsini necə dəyərləndirirsiniz?

- Püşkatma adətən Avropa çempionatının seçmə mərhələsinin oyunları başa çatdıqdan sonra, yəni qış aylarında keçirilirdi. Tədbirin Rusiyanın paytaxtı Moskvada yox, Sankt-Peterburqda keçirilməsi də tarixi hadisədi. Yəni Rusiyanın əvvəlki paytaxtı Sankt-Peterburq olub. Bunlar hamısı hazırlanmış ssenarilərdi. Nəticəyə gəldikdə, bizdə belə bir termin yaranıb: Zəif və güclü yığma. Qrupumuzda “ana” komanda Almaniyadı. Bunu hamı bilir. Komandanın nəticələri ortadadı, sonuncu dünya çempionudurlar. Daha sonra Çexiya və Norveç gəlir. Sonuncularla hazırda da eyni qrupdayıq və 2 dəfə qarşılaşmışıq. Sözümün canı odu ki, qrupda “ana” komanda varsa, digər yığmalarla görüşlərdə xüsusi taktiki gedişlərin olmalıdı. Üçüncü yer uğrunda yarışmağı düşünürüksə, bəzi yığmalar var ki, onlar haqda indidən informasiyalar toplamalıyıq. Deməzdim ki, faciəvi qrupa düşmüşük. Püşkün nəticəsini normal saymaq olar. Amma A qrupunu “ölüm qrupu” saymaq olar. Hollandiya, Fransa, İsveç kimi güclü komandalar bir-birinə rəqib olacaq. Həddindən artıq ağır qrupdu. İndidən 2018-in planlarını, oyununu qurmaq lazımdı. Bizim 1 il 1 ay vaxtımız var. San Marino ilə görüşün hazırlığına indidən başlamalıyıq.

 

- Təqvimi necə, münasib saymaq olarmı?

- Bəli. San Marino ilə səfər matçında qrup mərhələsinə start verəcəyik. Əsas odu ki, ikili oyunların sayı azalıb. Adətən 6 komandalı qrupda bu cür oyunlar çox olurdu. Təqvim də yaxşı qurulub. Artıq hər şey öz əlimizdədi. Yaxşı hazırlaşmalıyıq. Norveçlə oynamışıq, heç-heçə etmişik. Amma bu, o demək deyil ki, zəif rəqibdi. Ola bilər indi zəif çıxış etsinlər, ancaq bir ildən sonra tamam başqa cür oynasınlar. Hazırkı seçmə mərhələdən istifadə edib komandanın oyununu düzəltməli, 2018-in qrup mərhələsinə hazır olmalıyıq.

 

- Artıq indidən toplaya biləcəyimiz xallarla bağlı hesablamalar başlayıb. Sizcə, yığmanın potensialı neçə xal toplamağa imkan verir?

- Proqnoz verməyi xoşlamıram. Hər şey komandanın səviyyəsindən və startdan asılıdı. Unutmayaq ki, gələn ilin yayında yenə klublarımız avrokuboklarda iştirak edəcək. Bax, yığmanın üzvlərinin klublardakı hazırlığının necə olacağı çox önəmlidi. Yəni oyunçular klublarda hazırlaşırlar, millidə isə taktiki planda çalışırlar. Ona görə klub sistemini möhkəmlətməliyik. San Marino ilə görüşün nəticəsi sonrakı qarşılaşmalar üçün böyük stimul verəcək.

 

- San Marino indiyə qədər rəsmi oyunlarda qələbə qazanmayıb. Yığma tarixi ərzində cəmi 2 dəfə qolsuz heç-heçə edib. Bu oyundakı nəticə hansı pillələr uğrunda yarışacağımıza da aydınlıq gətirə bilər...

- Qayda belədi. Klub sistemində də belədi. Çempionat zamanı birinci oyundan çox şey asılıdı. Evdə oynayanda çalışırsan uduzmayasan, qol buraxmayasan. San Marino ilə səfərdə qarşılaşacağıq. Ancaq onların zəif komanda olduğunu da düşünmək düzgün deyil. Yəni bizim yığmanın üzvləri gələn yay klubları ilə avrokuboklarda necə oynayacaqlarsa, bu oyuna da həmin ruh yüksəkliyi ilə çıxacaqlar. Klub sistemi ilə yığmanı mütləq birləşdirməliyik. Bu istiqamətdə işlər görülür. Yığmanın və klubların məşqçiləri sıx əlaqədədirlər. İnşallah, qələbə ilə başlayarıq. 3 xalın mahiyyəti başqadı. Baxın, Malta üzərindəki qələbənin yaratdığı ruh yüksəkliyi sayəsində Norveçlə oyundan da xalla ayrıldıq. Bu ruh qalır. Startı necə verirsənsə, finişi də o cür gətirirsən.

 

- İyunda oyunumuzun olması narahatçılıq yaratmır?

- Artıq buna öyrəşməliyik. İyunun 10-da Şimali İrlandiya ilə Bakıda oynayacağıq. Həmin vaxt futbolçuların hazırlığı aşağı olmur. Norveçlə necə oynadılar? Sərbəst, gücləri yerində. Ona görə də problem yaranacağını düşünmürəm.

 

- Püşkün erkən atılmasının mənfi və müsbət təsiri nələr ola bilər?

- Bizim üçün hansısa təsiri olmayacaq. Əksinə, vaxtın çox olacaq. Əvvəllər rəqiblərini 7-8 ay qabaqdan tanıyırdın, indi 1 ildən artıq vaxt var. Rəqiblərin hamısı çıxışını davam etdirir. İndidən onlar haqda kifayət qədər məlumat toplamaq mümkündü. İnformasiya toplusu olmadan kor-koranə işləmək mümkün deyil. Maşallah, texnikanın inkişafı münbit şərait yaradıb. İndi internetdən oyunları da tapırsan, futbolçuların durumunu da izləyirsən. Həm də bu gün yığmada analitik məşqçi var. O, lazım olan məlumatı baş məşqçinin qarşısına qoyacaq. Təqvim də çox yaxşıdı. Əsas odu ki, ikili oyunlarımız azdı.

 

0