[b]“Şayiələr nənələr üçündü” - Roman Qriqorçuk[/b]
12.03.2018 - 15:31
[b]“Şayiələr nənələr üçündü”  - Roman Qriqorçuk[/b]

“Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XX turunda “Keşlə”nin qonağı olacaqsız. Oyundan hansı nəticəni gözləyirsiz?

- Bizim üçün vacib matçdı. Çünki qələbə qazanmalıyıq. Meydana 3 xal üçün çıxacağıq. Ciddi rəqiblə qarşılaşacağımızı bilirik. Hazırda bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik. Cəzalı futbolçularımız artıq sıraya dönüblər. Onlar bizə kömək edə biləcəklər. Bu isə o deməkdi ki, işimiz bir qədər asanlaşacaq. Amma yenə də “Qəbələ”ni çətin oyunun gözlədiyini deyə bilərəm.

 

- Yəqin ki, rəqibi təhlil etmisiz. Qış fasiləsindən sonra “Keşlə”nin oyununda nə kimi dəyişikliklər var?

- Hazırkı “Keşlə”ni əvvəlki komanda ilə müqayisə etmək istəmirəm. Çünki fərqləndirsəm, öncəki və ya hazırkı baş məşqçiyə qarşı düzgün davranmamış olaram. Təbii ki, rəqibi təhlil etmişik, “Keşlə”nin oyunundakı dəyişiklikləri özümüz üçün müəyyənləşdirmişik. Onların hazırda necə oynadıqlarını bilirik. Amma bunu açıqlamağım düz çıxmaz. Yaxşı olar ki, həmin informasiyalar məndə qalsın və “Keşlə” ilə matçda bundan yararlana bilək.

 

- Bu görüş həm də ukraynalı məşqçilərin növbəti dueli kimi Azərbaycan futbolunun tarixinə düşəcək. Həmyerliniz Yuri Maksimovla üz-üzə gəlməyiniz oyuna necə təsir edəcək?

- Bu məqam matça yanaşmağımıza, köklənməyimizə heç cür təsir edə bilməz. Bütün həmkarlarıma olduğu kimi, Maksimova da böyük hörmətim var. Onunla Ukrayna çempionatında da bir neçə dəfə qarşılaşmışıq.

 

- Son vaxtlar Yuri Maksimovun istefa verəcəyi haqda tez-tez söz-söhbətlər yayılır. Buna münasibətiniz necədi?

- Mən söz-söhbətləri müzakirə etmirəm. Şayiələr nənələr üçündü. Yalnız peşəkar məsələlər haqda fikrimi bildirirəm.

 

- Kapitan Cavid Hüseynov zədəli olduğu üçün “Keşlə” ilə matçda da meydana çıxmayacaq. Onun yoxluğu komandaya necə təsir göstərəcək?

- Bizdə hər bir futbolçunun yoxluğu hiss edilir. Amma vəziyyəti dəyişə bilmərik. Hansısa futbolçumuz oynamayacaq deyə, məyus olası və oyuna konsentrasiyanı itirəsi deyilik. Bu durumdan çıxmalıyıq. Bəli, Cavid “Qəbələ” üçün önəmli futbolçudu. Lakin onu əvəzləməyin yolları var. Ümid edirəm ki, “Keşlə” ilə görüşdə bunun öhdəsindən gələcəyik.

 

- Stiven Jozef-Monrozun vəziyyəti nə yerdədi? O, “Keşlə”yə qarşı oynaya biləcəkmi?

- Monroz hazırlaşır, məşqlərdə iştirak edir. Amma zədəsi ilə əlaqədar, bir neçə oyun buraxıb. Bu mənada, “Keşlə”yə qarşı 100 faiz oynayacağını deyə bilmərəm.

 

- Komandanızın qış fasiləsindən sonrakı çıxışı haqda hansı fikirdəsiz?

- İtirdiyimiz xallara görə razı deyiləm. Lakin digər tərəfdən, həmin matçlara pis şərtlər altında çıxmışıq. Bir çox oyunu əsas heyətin 4-5 üzvü olmadan keçirmişik. Bu qədər itki olanda isə komandanın yaxşı nəticə qazanması çətindi.

 

- Ölkə kubokunun yarımfinalında “Neftçi” ilə qarşılaşacaqsız. İndidən “ağ-qaralar”la oyunlar haqda düşünürsüzmü?

- Düzü, hələ kubok barədə düşünməmişəm. Çünki buna vaxt var. İndiki durumda məni yalnız növbəti görüşümüz maraqlandırır.

 

- “Keşlə” ilə çempionat oyunundan sonra Premyer Liqada fasilə yaranacaq. Həmin müddətdən necə yararlanmağı düşünürsüz?

- Planımız var. Fasilə müddətindən lazımınca yararlanmaq lazımdı. İstərdim ki, fürsətdən istifadə edib, yoxlama matçları keçirək. Belə bir imkan əldə edəcəyimizə inanıram. Adi, sakit qaydada hazırlaşacağıq. Düzdü, böyük fasilə olacaq. Amma bu, millinin oyunları ilə əlaqədardı. Yeri gəlmişkən, yığma üzvləri olmadan məşq edəcəyik. Çalışacağıq ki, fasilə müddətində oyun komponentlərimizi yaxşılaşdıraq.

 

- Komandanızın hücumçusu Baqali Dabo 11 qolla çempionatda bombardirlər cədvəlinə başçılıq edir. Onun çıxışından tam razısızmı və mövsümün ən sərrast oyunçusu olacağını düşünürsüzmü?

- Dabonun bombardirlik mübarizəsi haqda fikirləşmirəm. Kiminsə onu keçib-keçməyəcəyi mənə önəmli deyil. Yalnız bu günlə yaşayıram və məni ancaq qarşıdakı oyun maraqlandırır. Dabonun artıq neçə qol vurması yox, bundan sonra daha da yaxşı oynamasının yolları önəmlidi.

0