“Mənə Kubadan məşqçi dəvət etməyi məsləhət görüblər”
17.11.2008 - 18:37
“Mənə Kubadan məşqçi dəvət etməyi məsləhət görüblər”
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abıyevin “APA-Sport”a müsahibəsi

- Milli komandanın Avropa çempionatından əliboş dönməsi birmənalı qarşılanmadı. Federasiya prezidenti kimi, bu uğursuzluğun səbəbini nədə görürsünüz?
- Sadəcə, uşaqlar Avropa çempionatına hazır deyildilər. Bir neçə gündən sonra Bakıda start götürəcək hərbçilərin dünya çempionatının hazırlıq prosesini yarımçıq dayandırmalı olduq. Liverpula tam heyətlə deyil, cəmi beş nəfərlə yollandıq.

- Amma razılaşaq ki, digər komandalar da eyni durumda idilər. Üstəlik, qitə çempionatına heç də ən güclü boksçular qatılmamışdılar...
- Razıyam. Məni yandıran da budur. Amma gördüklərimdən belə qənaətə gəldim ki, komanda ötən il Çikaqoda keçirilən lisenziya xarakterli dünya çempionatındakı uğursuzluqdan sonra hələ də özünə gələ bilməyib.

- Belə olan təqdirdə, vəziyyətdən çıxış yolu kimi hansı addımlar atmağı planlaşdırırsınız?
- Bu məsələləri hərbçilərin dünya çempionatından sonraya saxlamışıq. 2009-cu ilin yanvarında Azərbaycan birinciliyi keçiriləcək. Bu yarış yığmanın formalaşdırılmasında həlledici rol oynayacaq. Yaşından asılı olmayaraq, birinci yeri tutan istənilən boksçu milli komandaya cəlb ediləcək. Qıraqda qalan özündən küssün.

- Yeri gəlmişkən, bir neçə gün əvvəl gənclər və idman naziri Azad Rəhimov uğursuzluqlara son qoymaq üçün boksda islahatların aparılacağını bildirib...
- Mən nazirin islahat deyərkən nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Komandanın baş məşqçisi Nəriman Abdullayev heç bir il deyil fəaliyyət göstərir. Dağılmış kollektivi yığıb. Hazırkı heyətlə ciddi nə isə etmək mümkün deyil. Mən Liverpulda döyüşənlərin heç birində qələbə əzmi görmədim. Onlar sanki rinqə dostları ilə zarafatyana yumruqlaşmağa çıxmışdılar.

- Deməli, Abdullayevin postunu tərk etməsi üçün ciddi əsas yoxdur.
- Xeyr. Onda qətiyyən günah yoxdur. Gələn il dünya çempionatı keçiriləcək. Yalnız bu yarışın başa çatmasından sonra qəti fikir yürüdə bilərik. Bəziləri mənə Kubadan məşqçi dəvət etməyi məsləhət görür. Amma bunu çıxış yolu saymıram. Hazırda Kuba yığmasının özündə vəziyyət ürəkaçan deyil. Abdullayevə özünü göstərmək üçün vaxt verəcəyik.

- Necə düşünürsünüz, boksçularımızın zəif çıxış etmələrinin səbəblərindən biri onların maddi imkanlarının yüksəlməsi faktı ola bilərmi?
- Əlbəttə, bunun da təsiri var. Adi bir nümunə deyəcəyəm. Vaxt var idi, məşq zalının həyətində yalnız mənim və baş məşqçinin avtomobili dayanardı. İndi isə uşaqların hamısı hazırlığa öz şəxsi avtomobillərində gəlirlər. Maddi imkanları düzəlib. Lazımı məbləğdə təqaüd alırlar. Bundan sonra da belə davam edərsə, ölçü götürəcəyik. Bizə turist yox, döyüşçü lazımdır. Təəssüf ki, yeni nəsil, yığmanın şərəfini uzun illər qoruyanları layiqincə əvəz edə bilmir. Onlar ya döyüşəcəklər, ya da yığmadakı yerlərini təhvil verməli olacaqlar.

- Məlum səbəblərdən uzun müddətdir boksdan uzaq qalan Ramal Amanov, Ağası Məmmədov və Vüqar Ələkbərovun rinqə qayıtmaq perspektivini necə qiymətləndirirsiniz?
- Ramalla bağlı heç bir problem yoxdur. O, məşqlərə başlayıb və hərbçilərin dünya çempionatında döyüşəcək. Ağası isə boksdan uzaqlaşıb və yalnız özü üçün məşq edir. Vüqarın da idmana qayıtmasından danışmağa belə dəyməz. Bu iki nəfərdən heç bir umacağımız yoxdur.

- Lisenziya xarakterli turnirlər ərəfəsində milli komandanın heyətinə cəlb edilən rusiyalı boksçuların taleyi necə olacaq?
- David Arjba həvəskar boksla vidalaşıb. Bildiyimə görə, o, hazırda ABŞ-da peşəkar rinqdə fəaliyyət göstərir. Əli Əliyev isə karyerasını baş vurub və Dağıstanda işə düzəlib. Amma heyəti qurmaqda çətinlik çəksək, yenə rusiyalı boksçulara müraciət edə bilərik.
0