Kifayət Qasımova: Ailə qurmağı xoşlamıram, amma anamgil...
04.09.2009 - 10:31
Kifayət Qasımova: Ailə qurmağı xoşlamıram, amma anamgil...
“Azərbaycanda olimpiya oyunlarının medalını gətirənə böyük məbləğdə pul verirlər, dünya və Avropa çempionuna isə eyni münasibəti bəsləmirlər”

“Bəzən maaşlarımızı gecikdirirlər”

“Bizə eyni şərait yaradılsa, nəticələr çox gözəl olar”


Az öncə Hollandiyada keçirilmiş dünya çempionatında cüdo yığmamıza bürünc medal qazandıran Kifayət Qasımovanın müsahibəsi

- Əvvəlcə sizi dünya çempionatının bürünc mükafatçısı olmağınız münasibətilə təbrik edirik...
- Çox sağ olun.

- Maraqlıdır, bu medalı kimə həsr edirsiniz?
- Özümə. Çünki bunu əziyyət sayəsində qazanmışam. Yarışdan öncə mənə bu barədə çoxlu müraciətlər olmuşdu. Heç kimə konkret söz verməmişdim. Bu, idmandır. Cüdoda hər saniyənin öz hökmü var.

- Əvvəlki illərdə olduğu kimi, yenə dünya çempionatının qızıl medalını qazana bilmədiniz...
- Əslində, qızıl medala çox yaxın idim. Sadəcə, hakimlər 1/4 finalda elədiyim ippon fəndini qeydə almadılar. Nəticədə təsəlliverici mərhələyə qatılmağa məcbur oldum. Halbuki, epizodun təkrarına baxanda rəqibin kürəyini yerə vurduğum açıq-aşkar görünür. Yenə də medalla qayıtdım. Yəqin ki, baş mükafat bu dəfə də qismətim deyilmiş.

- Hər halda, sizin qazandığınız bürünc komandamızı biabırçılıqdan xilas etdi...
- Belə turnirlərdən çox medalla qayıtmaq olmur. Axı dünya çempionatına ən güclü idmançılar qatılırlar. Əslində, mənim də vəziyyətim yaxşı deyildi. Bütün görüşləri zədəli halda keçirdim. Son görüşdə ayağımdakı ağrılar daha da şiddətlənmişdi. Yəni, hər hansı bir burxulma və ya ehtiyatsızlıq görüşə çıxmamağıma səbəb ola bilərdi. 3-cü yer uğrunda görüşdən əvvəl Ukrayna millisinin həkimi ayağımı yaxşı sarıdı. Bundan sonra tatamiyə çıxdım.

- Ağrılar keçibmi?
- Yox. Zədəm ciddidir. Oktyabrda Almaniyadan Gürcüstana həkim gələcək. Həmin ərəfədə Gürcüstana gedib əməliyyat olunacağam.

- Dekabrda Yaponiyada baş tutacaq “Böyük Dəbilqə” turnirinə qatılmayacaqsınız?
- Yaponların federasiyaya rəsmi məktub göndərdiklərindən xəbərdaram. “Böyük Dəbilqə”yə Avropa və dünya çempionatlarının mükafatçıları dəvət olunurlar. Əlbəttə ki, Azərbaycanı bu turnirdə təmsil etmək istərdim. Hər halda, tale və qismətlə barışmaq lazımdır.

- Yenə bir neçə gün öncə başa çatan dünya çempionatına qayıdaq. Komandamız niyə potensialından aşağı çıxış etdi?
- Elxan Məmmədovun medal qazanacağına ümidlər böyük idi. Elxanın rəqibləri keçilməz deyildi. Məmmədov nədənsə özünü pis hiss elədi və uduzdu. Komandamızın liderləri Elnur Məmmədli və Mövlud Mirəliyevin yoxluğu əməli başlı hiss olundu. Deyəsən, Elnurun ciddi zədəsi var. Yanvar ayında güləşməyə başlayacaq.

- Elnur Məmmədlinin Pekin Yay Olimpiya Oyunlarından sonra idmana səthi yanaşmasına münasibətin necədir?
- Elnur Məmmədli Pekin Olimpiadasından öncə bir neçə ağır proseslərdən keçdi. Məsələn, 10 kiloqram arıqlayıb çəkisini 73 kiloqrama saldı. Məşqçilər onu olimpiadadan sonra 81 kiloqrama keçirmək istəyirdilər. Lakin Elnur idmandan bir az soyudu. Elnur istedadlı və güclü idmançıdır. Əgər məşq proseslərinə diqqət ayırsa, yenə dünya, Avropa və olimpiya çempionu olacaq.

- Sənə elə gəlmir ki, Azərbaycanda Elnurun nüfuzu düşüb?
- Deyə bilmərəm. Məncə, idmançı özünə və titullarına hörmətlə yanaşmalıdır. Həm də idmançının əməyi layiqincə qiymətləndirilməlidir. Azərbaycanda olimpiya oyunlarının medalını gətirənə böyük məbləğdə pul verirlər. Dünya və Avropa çempionuna isə eyni münasibəti bəsləmirlər. Halbuki dünya çempionatının məsuliyyəti və ağırlığı olimpiadada olduğu kimidir. Mən bu barədə komandanın məşqçilərinə də danışmışam. Fürsətdən istifadə edib, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə, məşqçilərimə təşəkkürümü bildirirəm. Amma bəzən maaşlarımızı gecikdirirlər.

- Bu gün Azərbaycanda qız idmançılara münasibət necədir?
- Həddindən artıq pisdir. Bizdə çox istedadlı, güclü, bacarıqlı qız idmançılar var. Onların təcrübələrini artırmaq üçün təlim-məşq toplanışlarının keçirilməsi vacibdir. Bizdə birinci yarışı uduzan qız idmançını ikinci plana keçirirlər. Bizimlə paralel olaraq digər ölkələrdə eyni yaşlı qız idmançıya böyük diqqət və qayğı göstərilir. Finlandiyanı misal çəkmək istəyirəm. Vaxtilə rəqib saymadığım qız indi dünya və Avropa çempionudur. Bizə eyni şərait yaradılsa, nəticələr çox gözəl olar.

- Qızlara müvafiq qurumlarla yanaşı, ailə tərəfindən də problem yaradılır. Siz də analoji vəziyyətlə üzləşmisiniz?
- Mən idmana çox çətinliklə gəlmişəm. Ailədə idmanla məşğul olmağıma icazə vermirdilər. İndi vəziyyət başqa cürdür. Lakin ailəmə çox əziyyət vermirəm. Nəyi necə etməyi yaxşı bilirəm.

- Bürünc medal qazanandan sonra nazirlik və ya federasiya tərəfindən mükafat almısınız?
- Bakıya təzə qayıtmışıq. Heç kəslə görüşümüz olmayıb. Bayaq dediyim kimi, dünya çempionatının medalına yüksək qiymət vermirlər.

- Artıq dünya və Avropa çempionatlarının medallarını qazanmısınız. Karyeranızı bitirmək və ya intensivliyi azaltmaq barədə düşünürsünüz?
- Əslində, Pekin Olimpiadasının ardından peşəkar karyeramı bitirmək istəyirdim. Əvvəlcədən özümə söz vermişdim ki, medal qazansam, gedəcəyəm. Medal olmadı, mən də bunu London Olimpiadasından sonraya saxladım. Fikrim qətidir - 2012-ci ildə karyeramı bitirəcəyəm.

- Nədənsə incimisiniz?
- Yox, hələlik hər şey qaydasındadır.

- Ailəlisiniz?
- Yox.

- Bəlkə, 29 yaşında karyeranızı bitirməyin səbəbi budur...
- Ola bilər. Əslində, mən ailə qurmağı xoşlamıram. Sadəcə anamgil bunu israrla istəyirlər.

- Namizədlər var?
- Hə, var.

- İdman, yoxsa başqa sahədə çalışırlar.
- İdmançı da var, başqa sahənin adamı da. Bilirsən, indiki dövrdə yaxşı oğlan tapmaq çətin məsələdir. Gərək yüz ölçüb, bir biçəsən.

Mənbə: “Çempion” qəzeti
0