Dülgər, avtomexanik, malakeş - həvəskar ULDUZLAR
12.06.2022 - 14:26
Dülgər, avtomexanik, malakeş - həvəskar ULDUZLAR

Futbol ulduzlarının heç də hamısının bu idman növündəki yolu hamar olmayıb. Enişli-yoxuşlu yollarla zirvələrə yüksələnlərin bəziləri həvəskar futboldan üzə çıxıb. Bunlar kifayət qədər gec parlayan və ilk peşəkar müqaviləsinə də yetərincə yaşı olduğu vaxt imza atanlardır.

Görünür ki, peşəkar olmaq üçün yetkinlik yaşını geridə qoymaq da gec sayılmır, təki istedad olsun. Həvəskar futbolunda isə o qədər istedad var ki...

Dostları ilə oynaya-oynaya

İngiltərə Premyer Liqasının ən qorxulu hücumçularından birinə çevrilməzdən xeyli öncə Didye Droqba çətin seçim qarşısında idi. O, ya futbolla ciddi məşğul olmalı, ya da Fil Dişi Sahilinə ailəsinin yanına dönməli idi. Xoşbəxtlikdən Didye də birinci variantı seçib.

“Le-Man” akademiyasına qəbul olan afrikalı ilk 4 ili boşa verib. Ailəsi bağlı şəxsi problemləri üzündən hər gün məşq etməyən, hər həftə oynamayan hücumçu demək olar ki, akademiyanı ziyarət etməyib. 

O, yalnız boş vaxtlarında dostları ilə oynayıb. Amma heç bir peşəkar təcrübəsi olmayan oyunçu əsas komandaya keçirilib. O, 21 yaşında dərk edib ki, həyatını idmanla bağlamalıdır və ilk müqaviləsinə imza atıb.

Dülgər

Miroslav Klozenin üç yaşı olanda ailəsi atasının futbol oynadığı Fransaya köçüb. Sonra isə Almaniyada məskunlaşıb. Bundestimin gələcək hücumçusu yeni ölkəsində adaptasiya ilə bağlı böyük problemlərlə üzləşib. Hətta orta məktəbdə 4-cü sinifdən 2-ci sinfə keçirilib.

Orta məktəbi güc-bəla ilə yola verən Miro valideynlərinin israrı ilə dülgər ixtisası üzrə peşə məktəbinə daxil olub. O, paralel olaraq 7-ci divizionun həvəskarlardan ibarət “Blaubax-Didelkopf” komandasında oynayıb. 20 yaşı olanda 5-ci divizion klubu “Homburq”un skautlarının diqqətini cəlb edib. 

Burada inkişafa gedən Kloze ilk mövsümdəcə 11 qola imza atıb. Bundan sonra karyerasının ilk peşəkar müqaviləsini “Kayzerslautern”lə anlaşma imzalayıb. Onun parlaq karyerası da bu klubdan başlayıb.

Avtomexanik

Xorvat hücumçunun karyerası yetərincə özünəxas alınıb. Oynamağa “Zadar”da başlayan Dado Prşo sonradan “Hayduk”a keçib. Onun sonrakı komandası ikinci liqa təmsilçisi “Pazinka” olub.

Uğur qazana bilmədiyini görən Prşo Fransaya yollanaraq 4 il “Ruan”da və həvəskarlardan ibarət “San-Rafael”də çıxış edib. O, paralel olaraq avtomexanik kimi çalışıb.

1996-cı ildə Dado “Monako”nun baş məşqçisi Jan Tiqananın diqqətini cəlb edib. Bu klubun ehtiyatında bir, icarə əsasında “Ayaçço”da iki mövsüm keçirib. 26 yaşında Liqa1 komandasında debüt edən Prşo əsas heyət üzvünə çevrilib və Çempionlar Liqasının finalına qədər irəliləməsinə pay sahibi olub.

O, milliyə dəvəti də haqq edib. Hücumçu yığma ilə AVRO-2004 və DÇ-2006-da forma geyinib.

Malakeş

İngiltərə millisinin sabiq futbolçusu İan Rayt da peşəkar futbola çox gec düşüb. O, “Sautend Yunayted” və “Brayton”da baxışda olsa da, bəyənilməyib. Futboldan küsən İan peşəkar oyunçu olmaq xəyalının üzərindən xətt çəkib.

Rayt peşəkar malakeş olmağa qərar verib. O, eyni zamanda “Qrinviç Boro” həvəskar komandası ilə yalnız bazar günlərində oyunlara çıxmağı anlaşıb. Görüşlərin birində “Kristal Pelas”ın skautu Pit Prentis onu görüb və özünü yenidən böyük klubda baxışda sınamağı təklif edib.

Klubun o vaxtkı baş məşqçisi Stiv Koppel ondan o qədər razı qalıb ki, üç gün məşq etdikdən sonra müqavilə təklif edib. Həftəlik 100 funt maaşa nəzərdə tutulan ilk peşəkar müqaviləsinə imza atanda Raytın 22 yaşına cəmi 3 ay qalmışdı.

Güləşçi

Ole-Qunnar Sulşer uşaq vaxtlarından yunan-Roma güləşi üzrə Norveç çempionu olan atasının yolu ilə getməyə ciddi səy göstərib. Zalda məşq edə-edə üçüncü divizionda çıxış edən həvəskarlardan ibarət “Klausenenqen”də də top qovub.

Bir il orduda hərbi xidmətdə olduqdan sonra geri dönən Sulşer seçimini edib. Futbola üstünlük verən hücumçu 21 yaşında “Molde”yə keçib. Burada ölkənin ən istedadlı oyunçusu adını qazanan futbolçu iki il sonra “Mançester Yunayted”dən təklif alıb.

Müdafiədən hücuma

Kevin Filips karyerasına sağ cinah müdafiəçisi kimi “Sauthempton” akademiyasında başlayıb. Akademiya bitdikdən sonra onunla əməkdaşlıq uzadılmayıb.

Kevin həvəskar liqanın “Boldok Taun” komandasında oynamalı olub. Mövqeyinə baxmayaraq məhsuldar oynayan müdafiəçi ampluasını dəyişməyə qərar verib. Hücumçu olduqdan sonra potensialını açan Filips 21 yaşında “Uotford”dan 10 min funtluq təklif alıb.

Bununla da peşəkar karyerasına başlayan forvard “Aston Villa”, “Sanderlend”, “Birminhem”, “Vest Bromviç” kimi klublarda da oynayıb. O, İngiltərə millisində 8 matça çıxıb.

Hamının tanıdığı Vardi

Ceymi Vardinin həyatı isə az qala hər kəsə bəllidir. 20 yaşında 8-ci liqa klubu “Stoksbric”də oynayan həvəskar futbolçu paralel olaraq zavodda işləyib. Qanunvericiliklə problemlər üzündən daim izlənilməsi üçün xüsusi qolbaq taxmalı olub.

Bir neçə mövsüm yarımpeşəkar “Qalifaks Taun” və “Flitvud”da oynadıqdan sonra yalnız 2012-ci ildə, 25 yaşında ilk peşəkar müqaviləsinə imza atıb. O, həmin vaxt Çempionşipdə oynayan “Lester”lə anlaşıb.

0