Daha iki güləşçimizdən qələbə – 1/4 finaldakıların sayı 4-ə çatdı - YENİLƏNİR
21.04.2026 - 15:12
Daha iki güləşçimizdən qələbə – 1/4 finaldakıların sayı 4-ə çatdı  - YENİLƏNİR

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın daha iki yunan-Roma güləşçimiz uğurlu nəticəyə imza atıb.

Apasport.az xəbər verir ki, güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) isveçli Niklas Oehləni 5:1, Murad Əhmədiyev (97 kq) isə xorvatiyalı Filip Smetkonu 2:1 hesabı ilə məğlub edib.

Daha əvvəl xalça üzərinə çıxan Qurban Qurbanov (82 kq) start görüşündə Bolqarıstan təmsilçisi Arvi Savolaynenə 7:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Bundan başqa Ruslan Nurullayev (72 kq) isə Ukrayna idmançısı Dmitro Vasilyevi 9:5 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

Günün növbəti görüşlərində Azərbaycanın digər təmsilçiləri də mübarizəyə qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq