“İkinci dəfə Avropa çempionu adını qazandığım və titulumu qoruduğum üçün sevincliyəm. Fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı yenidən bacardım”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionu titulunu qoruyan Nicat Hüseynov deyib.
51 kq çəki dərəcəsində inamlı çıxış sayəsində ikinci dəfə qitənin ən güclüsü adına yiyələn idmançı uğura gedən yolunu dəyərləndirib. 19 yaşlı boksçu bildirib ki, yarışa yollanarkən əsas hədəfi yenidən Azərbaycan himnini səsləndirmək olub: “Çempionatdan əvvəl ikinci dəfə Avropa çempionu olacağımı gözləyirdim. Ötən il Xorvatiyadakı yarışın qalibi idim. Öz-özümə də deyirdim ki, bu il də çempion olmalıyam. Hədəfim qızıl medal idi və bunu da əldə etdim”.
Hüseynovun sözlərinə görə, yarışda ən çətin döyüşü yarımfinala təsadüf edib: “Bütün döyüşlərimi hakimlərin yekdil qərarı ilə – 5:0 hesablı qələbə ilə bitirdim. Yarımfinal döyüşündə türkiyəli Semih Gümüşlə bir anlıq həyəcan keçirdim. Amma yekunda yenə inamlı qələbə qazandım”.
Avropa çempionu finalda ermənistanlı Rudolf Qarboyanla görüşdə 5:0 hesablı qələbə qazanıb. Yığma üzvü bildirib ki, bu döyüşə rahat çıxıb: “Püşkdən sonra yarımqruplara baxdıqda bildirim ki, finalda erməni ilə qarşılaşacam. Çünki o, zəif yarımqrupda yer almışdı. İlk gündən özümü finalda gördüyümdən və buna inandığımdan həmin döyüşə psixoloji cəhətdən də tam hazır idim. Bütün əziyyətlərimi, olanları gözümün qarşısına gətirib rinqə də yalnız qələbə üçün çıxdım və qalib gələrək, Azərbaycan himnini səsləndirdim”.
Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin Avropa çempionatına 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.