Azərbaycan Taekvondo Federasiyasında uğur qazanan komandalarla görüş keçirildi
09.10.2023 - 12:06
Azərbaycan Taekvondo Federasiyasında uğur qazanan komandalarla görüş keçirildi

Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında son aylarda medal qazanan taekvondoçular, parataekvondoçular və onların məşqçiləri ilə görüş keçirilib. 

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

Tədbirdə ATF-in vitse-prezidenti Hikmət Səmədov müxtəlif yaş qrupları üzrə komandalarımızın rəsmi və beynəlxalq turnirlərdə inamlı çıxışını xüsusi vurğulayıb. Görüş iştirakçılarına ATF prezidenti Kəmaladdin Heydərovun təbriklərini çatdıran vitse-prezident bildirib ki, son zamanlar ardıcıl qazanılan uğurların ardının növbəti yarışlarda da gələcəyinə inanır. 

Səmədov taekvondoçularımızdan və parataekvondoçularımızdan, müvafiq olaraq Paris-2024 Yay Olimpiya ilə Yay Paralimpiya Oyunlarında uğur gözlədiyini, Azərbaycan himnini Fransa paytaxtında səsləndirmək üçün bütün vacib şəraitin yaradıldığını bildirib.

Bundan sonra ATF rəsmiləri taekvondoçuların, parataekvondoçuların və məşqçilərin problem və təkliflərini dinlənilib. Səmədov bütün vacib məsələlərin həll istiqamətində tapşırıqlarını verib. 

İdmançılar da diqqət və dəstək üçün təşəkkür ediblər. Görüşün yekununda müxtəlif yaş qrupları üzrə medal qazanan yığma üzvləri mükafatlandırılıb. Bildirilib ki, bu ənənə növbəti turnirlərdə də davam etdiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0