"Göstəriş vermişdik ki, aqressivliyi qoruyaq" - Rəşad Sadıqov
07.04.2024 - 19:19
"Göstəriş vermişdik ki, aqressivliyi qoruyaq" - Rəşad Sadıqov

"Zirə" Misli Premyer Liqasının 29-cu turunda öz meydanında "Qəbələ"ni 4:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün çox vacib oyun idi. Üç gün öncə eyni rəqiblə oynamışdıq. Futbolçularda bir az yorğunluq hiss olunurdu. Rəqib də çox keyfiyyətli komandadır. Müəyyən oyunlarda qol fürsətlərindən istifadə edə bilmirdilər. Bilirdik ki, bu matç ağır keçəcək. İlk hissədə üç qol vurduqdan sonra oyunun daha rahat keçəcəyini düşündük. Amma rəqib təslim olmaq istəmirdi. 4-cü qoldan sonra da xarakter göstərirdilər. Şükürlər olsun ki, vacib qələbə qazandıq.

- İkinci hissədə komandanızda aqressivlik azalmışdı. Futbolçular özlərini qoruyurdu?

- Xeyr. Əksinə göstəriş vermişdik ki, aqressivliyi qoruyaq. Rəqibin də rolu var. İkinci hissədə sürəti qaldırmışdılar. Nəticənin də təsiri var idi. Futbolçularımda qol buraxmamaq düşüncəsi ola bilər. İlk hissəni daha yaxşı keçirdik.

- Son vaxtlar komandanız daha inamlı oyun sərgiləyir. Bunun səbəbi zədəli oyunçuların sıraya dönməsidir?

- Üç oyundur qələbə qazanmağımızın səbəbini deyə bilmərəm. Amma bu amil məni sevindirir. Hər xal, hər qələbə çox önəmlidir. Çox gərgin, həyacanlı yarış gedir. Sadaladığınız məqamların da təsiri var. Amma ümumən eyni iş rejimində çalışırıq.

writer photo
Əlirza Əlirzalı
0