“Kəpəz”in kapitanı: "Neftçi"nin avrokuboklarda oynaması işimizə yaradı" - MÜSAHİBƏ
08.08.2023 - 12:18
“Kəpəz”in kapitanı: "Neftçi"nin avrokuboklarda oynaması işimizə yaradı" - MÜSAHİBƏ

“Kəpəz”in kapitanı Yeqor Xvalkonun apasport.az saytına müsahibəsi

- "Kəpəz" Premyer Liqanın startında "Neftçi"ni evdə məğlub etməyi bacardı. Oyundan öncə qalib gələcəyinizə inam yüksək idi, yoxsa bir xal da sizi razı salacaqdı?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibin güclü və zəif tərəflərini yaxşı analiz etmişdik. Əlbəttə ki, "Neftçi"ni məğlub edə biləcəyimizə inamımız var. Bu cür komandanı məğlub etmək ikiqat sevindirici haldır. Layiqli qələbə qazandıq, sona qədər mübarizə apardıq.

- "Neftçi" çempionluq uğrunda mübarizə aparır, həm də avrokuboklarda yer alıb. Onları məğlub etmək necə alındı?
- Məncə, onların avrokuboklarda oynaması işimizə yaradı, bizə kömək oldu. Bizim məşqçilər korpusu həmin oyunlara əsasən rəqibi analiz etmişdi. Oyun ərzində böyük ölçüdə onların tapşırıqlarını yerinə yetirdik. Deməzdim ki, "Neftçi" zəif oynadı. Çox gərgin matç idi. Məncə, bu oyunda biz yaxşı oynadıq, "Neftçi" zəif oynamadı.

- Matç saat 17:00-da və 36-39 dərəcə istidə oynanılırdı. Bu da stadionun işıqlandırma sisteminin olmaması ilə bağlıdır. Yay aylarında bu cür havada oynamaq çətin olmayacaq?
- Düzü, bu haqda düşünmüşdüm. Amma oyunun gedişində havanın isti olması o qədər də hiss edilmədi. Əsas məsələ oyun ərzində çoxlu su içmək istəməyimiz idi. Əlbəttə ki, axşam saatlarında, gec saatlarında oynamaq istəyərdik. O zaman fərqli atmosfer olardı. Amma hazırkı vəziyyət belədir.

- Bu mövsümkü "Neftçi"yə qarşı oynamaq asan idi, yoxsa ötən ilki?
- "Neftçi"yə qarşı oynamaq hər zaman çətindir. Çünki bu komanda daim oyunlarda dominantlıq etməyə can atır. Premyer Liqada cəmi bir tur geridə qalıb. Bir oyunla nəsə demək, ötən mövsümkü, yoxsa bu mövsümkü komandanın güclü olduğunu söyləmək doğru olmaz. Hər halda, bunu daha çox oyun oynadıqdan sonra demək mümkündür.

- "Neftçi" üzərində qazanılmış qələbə sizə qarşıdakı matçlarda motivasiya verəcək?
- İstənilən qələbə komandaya inam və motivasiya verir. Allah qoysa, biz inkişaf edib, tez-tez qələbə qazanacağıq. Özümüzə inanırıq. 

- Növbəti turdakı rəqibiniz ilk turda "Qarabağ"a qalib gəlmiş "Zirə"dir. Onları səfərdə məğlub etmək mümkündür?
- "Zirə" güclü komandadır. Yayda da gücləniblər, yeni transferləri var. Bu oyuna yaxşı hazırlaşacağıq. Rəqibi analiz edəcəyik, məşqçilərin də tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Ümid edirəm ki, hər şey yaxşı alınacaq.

writer photo
Əlirza Əlirzalı
0