"Dəyişiklik klubun və mənim xeyrimə olacaq".
Apasport.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis "Sabah"da qazandığı uğurlardan danışıb: "Komandanın çox qələbələri olub. İndi isə biz həmin oyunu, hər matça çıxdığımız ehtirası itirmişik. Mən hesab etdim ki, dəyişiklik klubun və mənim xeyrimə olacaq. Bu çempionatda komanda 3-cü yerdən cəmi 5 xal geri qalır. Avrokuboklara düşmək, mövsümü yaxşı bitirmək üçün hər cür əsas var. Bu, çətin qərar idi. Amma faydalı olacağını hesab etdim".
40 yaşlı çalışdırıcı həm də klub rəhbərliyi ilə arasında anlaşmazlıq yarandığına dair iddialara aydınlıq gətirib: “Mətbuatda mənim rəhbərliklə münaqişədə olduğum deyilirdi? Klub rəhbərliyi ilə əla münasibətlərim var. Hətta ideal demək olar. Klubda keçirdiyim hər gün onların dəstəyini hiss edirdim. Kluba gəlməmişdən verilən bütün vədlərə əməl olunmuşdu: klubun inkişafı, maliyyə öhdəlikləri. Mən “Sabah” rəhbərliyi barədə çox danışa bilərəm. Bu, yalnız müsbət ifadələr olacaq”.
Rusiyalı çalışdırıcı yaxın vaxtlarda yenidən məşqçiliyə qayıtmaq istədiyini bildirib: “İndi planlarım ailəmlə birlikdə tətilə getməkdir. Əlbəttə ki, ideal olaraq bir aydan sonra yenidən işə başlamaq istərdim, amma bu həmişə olmur. Düşünürəm ki, bir ay istirahət üçün mənə kifayət edəcək”
Qeyd edək ki, "Sabah" klubu tarixində ilk dəfə - ötən il Murad Musayevin rəhbərliyi altında avrokuboklara vəsiqə qazanıb.