PFL prezidenti “Qarabağ” rəhbərliyi ilə görüşdü
13.09.2022 - 11:00
PFL prezidenti “Qarabağ” rəhbərliyi ilə görüşdü

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovla “Qarabağ” klubunun rəhbərliyi arasında görüş keçirilib. 

Apasport.az saytının məlumatına görə, tədbir klubun ofisində baş tutub.

Görüşdə PFL rəhbəri ilə yanaşı, idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev də iştirak edib. Səmədov “Qarabağ”ın idarə heyətinin üzvü Fevzi Aras, direktor Əmrah Çəlikəl, baş menecer Asif Əsgərova dəvətə və xoş münasibətə görə təşəkkür edib. Görüşdə Azərbaycan futbolu ilə bağlı planlar, hədəflər müzakirə edilib. 

Səmədov ənənə halını alacaq bu tip görüşləri keçirməkdə məqsədlərinin klublarımızı narahat edən məqamlara zamanında müdaxilə etmək olduğunu bildirib. PFL prezidenti öz növbəsində rəsmilərin timsalında “Qarabağ”ın hər bir üzvünə ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərinə görə minnətdarlıq ifadə edib.

Qeyd edək ki, Səmədov daha öncə Tovuz və Gəncə şəhərlərinə səfər edib, burada “Turan Tovuz” və “Kəpəz” klublarının rəhbərliyi ilə görüşlər keçirib.

writer photo
Əlirza Əlirzalı
0