“Qarabağ” və Premyer Liqaya kölgə salanlar
19.09.2022 - 15:15
“Qarabağ” və Premyer Liqaya kölgə salanlar

Misli Premyer Liqasının VII turu “Qarabağ”ın növbəti qol şousu ilə əlamətdar olub.

Apaasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin növbəti “qurbanı” “Zirə” olub.

Səfərdə 7:1 hesablı qələbə qazanan ağdamlılar fasilədən sonra 6 dəfə fərqlənib. Komandanın iki futbolçusu VII turun 7 qollu qələbədə fərqlənməklə bombardirlər yarışındakı hesabını 7-yə çatdırıb.

Bu “7”lər nə qədər göz qamaşdırıcı olsa, Premyer Liqanın turnir cədvəlinə baxdıqda düşünməyə vadar edir. Çempionata rəng qatmaq əvəzinə xal mənbəyi olan autsayderlərin qol sayları Premyer Liqadakı səviyyə fərqinin ildən-ilə artmasını göstərir.

“Qarabağ” 6 qolu 45 dəqiqədə vurubsa, son iki pillənin sahibi olan “Sumqayıt”la “Şamaxı” ikisi birlikdə ümumilikdə 14 matçda 5 qol vurublar. Bu iki komandanın “birləşmə”si nəinki Şeydayevlə Qurbanlıdan geri qalır, hətta Coy-Lens Mikelslə eyni məhsuldarlığa malikdir.

Amma rəqabəti aşağı salanlar təkcə iki komanda deyil. “Turan Tovuz” 6 qarşılaşmada 5 dəfə, “Kəpəz” 7 matçda 6 dəfə rəqib qapısına yol tapıb. Qərb klubları da Ramillə Musaya həsəd apara bilər. “Səbail”in də bombardirlər qədər və ya “Qarabağ”ın bir matçda fərqləndiyi qədər – 7 top vurması da diqqət çəkir.

Bir sözlə, “Qarabağ”ın 9 rəqibindən beşi ağdamlıların bombardirlərinin ikisindən də geri qalır. Çünki “Səbail” 7, Ramillə Musanın komandası 6 matça çıxıb.

Amma bu 5 klubun da “Qarabağ”ı üstələdiyi məqam var. Onlar hamısı birlikdə 23 qol vurub ki, bu da 21 topa sevinən “Qarabağ”dan çoxdur. Amma ağdamlıların ehtiyatda bir görüşü olduğunu nəzərə alsaq, Qurbanovun yetirmələrinin 5 rəqibinin vurduğu qol sayına çatması yetərincə realdır.

Qeyd edək ki, son çempion cari mövsümün 6 oyununun hamısında qalib gəlib.
 

writer photo
Əlirza Əlirzalı
0