Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “LANDAU School” Təhsil Kompleksinin təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında üçüncü LANDAU Şahmat Festivalının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, sayca üçüncü dəfə baş tutan LANDAU Şahmat Festivalının açılış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və LANDAU School-un İdarə Heyətinin üzvü Timur Leznik çıxış edərək turnirin ölkədə şahmatın inkişafına və yeniyetmələrin bu idman növünə olan marağının artmasına dəstək olduğunu bildirib.
Sonra yarışda 1-ci turun oyunlarına start verilib. Qeyd edək ki, LANDAU Şahmat Festivalının baş hakimi Elşad Abdullayevdi.
İyulun 20-də başa çatacaq turnir LANDAU School-un “Sea Breeze” korpusunda təşkil olunur. Yarışlar 8,10,12 yaşadək oğlan və qızlar arasında – 3 müxtəlif yaş qruplarında keçirilir. Reqlamentə əsasən İsveçrə sistemi ilə təşkil olunan yarış 8 turdan ibarətdir.
Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk 3 yeri tutan iştirakçılar diplomlarla və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.