Kopa Amerikanın finalında son çempion Argentina ilə Kolumbiya üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, iyulun 15-də turnirin çempionu bəlli olacaq.
Qarşılaşma Floridadakı “Hard Rok” stadionunda keçiriləcək. Oyunun baş hakimi braziliyalı Rafael Klausdur.
Oyunun fasiləsində dünya şöhrətli müğənni Şakiranın konserti olacaq.
Argentina turnirin ən uğurlu komandasıdır. Kolumbiyanı məğlub edəcəkləri təqdirdə, 16 qat Kopa Amerika çempionu olacaqlar. Kolumbiyanın isə cəmi 1 çempionluğu var. Onlar bu uğura 2001-ci ildə nail olublar.
Qeyd edək ki, final matçı Argentina ilə Kolumbiya arasındakı 40-cı duel olacaq. İki komanda arasında oynanan 39 oyundan 20-də “tanqoçular”, 9-da isə kolumbiyalılar qələbə qazanıb. 10 qarşılaşma bərabərliklə yekunlaşıb.