“Neftçi”nin iki futbolçusu zədələnib
06.04.2008 - 13:29
“Neftçi”nin iki futbolçusu zədələnib
Azərbaycan Premyer Liqasının XX turunda "Masallı" klubu ilə oyunda qazanılan 2:0 hesablı qələbə "Neftçi" komandasına baha başa gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, görüşün ikinci hissəsində paytaxt komandasının iki futbolçusu - Svetoslav Stefanov və kapitan Zaur Tağızadə zədələnərək, meydanı tərk etməli olublar. Z.Tağızadə rəqib futbolçu ilə mübarizədə sağ dizindən xəsarət alıb. S.Stefanovun zədəsi isə daha ağır olub. Belə ki, bolqarıstanlı yarımmüdafiəçi əvvəlcə başından zədə alsa da, həkimlərin müayinəsindən sonra oyuna davam edib. Lakin o, az sonra komanda yoldaşı Ruslan Abışovla toqquşaraq meydançadan çıxarılıb. Həkimlər S.Stefanovun çiynində çıxıq aşkarlayıblar. Hər iki futbolçunun aprelin 9-da "İnter"lə ölkə kubokunun ilk yarımfinal matçında iştirakı sual altına düşüb. “Neftçi”nin baş məşqçisi Anatoli Demyanenko oyundan sonra keçirdiyi mətbuat konfransında zədə ehtimalını artıran meydançada oynamağın çətin olduğunu bildirib. O, stadionun ot örtüyü ilə bağlı problemə baxmayaraq, qələbə qazanan yetirmələrindən razı qaldığını bildirib: "Mən futbolçularımıza minnətdaram ki, bu cür pis meydançada yaxşı oyun göstərə bildilər. Belə ot örtüyündə oynamaq çox çətindir, amma biz xal itirə bilməzdik".
0
DİGƏR XƏBƏRLƏR
Loading...