“İnter” 879 gündür “Neftçi”yə qol vura bilmir
08.04.2008 - 11:51
“İnter” 879 gündür “Neftçi”yə qol vura bilmir
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu Azərbaycan kubokunun yarımfinal mərhələsində rəqibi olan “Neftçi”yə qol vura bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, flaqman rəqibi ilə görüşdə sonuncu qolu 2006/07 mövsümündə buraxıb. 2006-cı ilin avqustun 20-də Tofiq Bəhramov adına Respublika stadionda keçirilən görüşdə “Neftçi”ni öz futbolçusu cəzalandırıb. Bu, cari mövsümdə “İnter”ə keçən, hazırda isə “Xəzər-Lənkəran”ın şərəfini qoruyan müdafiəçi Mahir Şükürovdur. “İnter” bu avtoqol sayəsində rəqibini 1:0 hesabı ilə məğlub edib ki, komandanın ukraynalı baş məşqçisi Valentin Xodukin həmin vaxtdan indiyədək “Neftçi”ni məğlub edə bilmir. M.Şükürovun öz qapısına vurduğu qolu nəzərə almasaq, “İnter” “Neftçi”yə sonuncu qolu üç il öncə vurub. 2005-ci ilin noyabrın 12-də Respublika stadionunda 1:1 hesabı ilə başa çatan görüşdə “İnter”in qolunun müəllifi artıq komandanın sıralarında olmayan hücumçu Elşən Məmmədov olub. Belə olan halda, “İnter”in futbolçusu sonuncu dəfə “Neftçi”nin qapısına 879 gün əvvəl yol tapıb. Digər yarımfinal cütündə “Qəbələ”nin indiyədək “Xəzər-Lənkəran” üzərində qələbə qazana bilməməyini qeyd etmək olar. Belə ki, “Xəzər-Lənkəran”la ilk üç oyunda meydanı məğlub tərk edən qəbələlilər rəqibindən ilk xalı Premyer Liqanın son turunda alıb.
0