Valentin Xodukin: “Demyanenkonun qayğıları haqda fikirləşib, başımı daha çox ağrıtmaq istəmirəm”
08.04.2008 - 13:12
Valentin Xodukin: “Demyanenkonun qayğıları haqda fikirləşib, başımı daha çox ağrıtmaq istəmirəm”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Bir ay öncə keçirilən görüşdə “Neftçi” bizə oynamağa imkan vermədi. Bu dəfə yaxşı oyun nümayiş etdirməliyik. Ən əsası, həmin matçda olduğu kimi, axmaqlığa yol verməməliyik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Onun sözlərinə görə, “Neftçi” ilə ölkə kubokunun yarımfinal görüşünə hazırlaşmağa vaxtları qalmayıb: “Karvan”la oyunun ertəsi bərpa prosesi, bu gün məşq, sabah isə kubok matçıdır. “Neftçi”nin “İnter”dən fərqli, bir gün artıq vaxtı var. Təqvimin belə olması bizi çətin vəziyyətə salıb”. Ukraynalı mütəxəssis bildirib ki, “Neftçi”nin çempionluq uğrunda ciddi mübarizə aparması onları kubokda təzyiq altında saxlayacaq. V.Xodukin “Neftçi”ni çalışdıran həmyerlisi Anatoli Demyanenkonun halına acımaq fikrində olmadığını söyləyib: “Demyanenko kimi mənim də öz qayğılarım var. Həmyerlimin də qayğılarını öz üzərimə götürüb, başımı daha çox ağrıtmaq istəmirəm. “Neftçi” öz meydanında keçirəcəyi matçda qol vurub, qapısının toxunulmazlığını qorumağı düşünəcək. Biz kubokda səfərdə vurulan qolun əhəmiyyətini nəzərə alıb, cavab görüşü öncəsi rəqibin qapısına yol tapmalıyıq”.
0