Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub
18.07.2008 - 15:55
Azərbaycan UEFA reytinqində mövqeyini qoruyub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” və “Olimpik” klublarının dünənki məğlubiyyətləri Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir etməyib. “APA-Sport” agentliyinin məlumatına görə, klubların avrokuboklardakı çıxışlarına əsasən hesablanan reytinq cədvəlində ölkəmiz 42-ci yerdə qərarlaşıb. UEFA kubokunda təmsilçilərimizin xal qazana bilməməyi Azərbaycanın əmsalının 3,998-də qalmasına səbəb olub. Bu isə 41-ci olan Estoniyanın (4,166) bizdən uzaqlaşmasına səbəb olub. İndi 41-ci yerə yüksəlmək üçün iyulun 22-də “İnter”in səfərdə Makedoniyanın “Rabotniçki” klubunu məğlub etməsi və Estoniya təmsilçisinin xalsız qalması zəruridir. 43-cü pillədə qərarlaşan Albaniya klublarının səfərdəki matçların birində qələbə qazanıb, digərində heç-heçə etməsi sayəsində ölkəmizin izləyicisi xalını 3,833-ə çatdırıb. Dörd gündən sonra 42-ci yeri itirməmək üçün “İnter” cavab matçında Albaniya çempionundan pis nəticə göstərməməlidir.
Qeyd edək ki, İntertoto kubokunun nəticələri UEFA reytinqində hesablanmır.
0